AZ

Silahı işlətməyi özü öyrədibmiş - Məktəbli qatilin atasından şok sözlər

Türkiyənin Kahramanmaraş vilayətində məktəbə silahlı hücum edərək 10 nəfəri öldürən, 16 nəfəri yaralayan 8-ci sinif şagirdi İsa Aras Mersinlinin atası, keçmiş polis əməkdaşı Uğur Mersinlinin istintaqa verdiyi ifadə məlum olub.

“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, oğlunun psixoloji problemləri olduğunu bildirib.

Ata ifadəsində deyib ki, oğlunda tipik yeniyetməlik və imtahan dövrünə xas stress, gərginlik müşahidə olunurmuş:

“Bu səbəbdən onu polis idarəsində çalışan psixoloq tanışların yanına apardım. Onlar mənfi bir hal görmədiklərini, oğlumun çox ağıllı olduğunu dedilər. Təxminən, 2 aydır onu evimizin yaxınlığındakı özəl mütəxəssis-psixoloqa aparırdım. Həmin psixoloq da oğlumun cəmiyyətə uyğunlaşmaqda problem yaşaya biləcəyini, bir müddət izlənməsinin vacib olduğunu, gələcəkdə psixiatrik müalicəyə ehtiyac yarana biləcəyini söylədi”.

U.Mersinli oğlunun silaha marağı olduğunu da etiraf edib. Onun sözlərinə görə, təxminən 1 ay əvvəl işdən qayıdanda silahını qısa müddətə yataq otağında şkafın üstünə qoyub və oğlu silahı götürməyə cəhd edib. Bundan sonra oğlunun silahlara marağını hiss etdiyini deyən ata bildirib ki, ona silah barədə danışıb, hətta gələcəkdə təqaüdə çıxanda silahlardan birini ona verəcəyini söyləyib. Ata qeyd edib ki, bununla oğlunun silaha həvəsini sonraya saxlamağa çalışıb.

İfadədə o da yer alıb ki, oğlu dostlarının da silahla atəş açdığını deyərək, özü üçün də bunu istədiyini bildirib. Keçmiş polis əməkdaşı bunun ötən həftənin cümə axşamı və ya cümə günü baş verdiyini deyib.

Ata daha sonra oğlunu polis poliqonuna apardığını və öz silahı ilə ona bir neçə dəfə atəş açdırdığını bildirib:

“Polis poliqonuna getdim, öz silahımla atəş açdım, oğluma da bir neçə dəfə atəş etdirdim. Qarşıdakı hədəfi göstərdim, silahın təsadüfi yox, hədəfə yönəlik istifadə olunmalı olduğunu dedim. Oğlum atəş açarkən bir neçə foto və videosunu çəkdim. Məqsədim bunun xatirə kimi qalması və onun həvəsinin sönməsi idi. Sonradan həmin fotoşəkilləri “WhatsApp” vasitəsilə oğlum İsaya göndərdim”.

U.Mersinli oğlunun onlayn, danışıq funksiyalı oyunlar oynadığını da deyib. Onun sözlərinə görə, otağına daxil olanda oğlu hər şeyi bağlayır, onlara heç nə göstərmək istəmirdi.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
28
1
yenisabah.az

2Mənbələr