Konkret.az saytına istinadən ain.az xəbər verir.
Son dövrlərdə ölkə ərazisində yağan intensiv yağışlar bir daha göstərdi ki, təbii fəlakətlər təkcə infrastruktur üçün deyil, vətəndaşların şəxsi əmlakına da ciddi risklər yaradır. Xüsusilə, sığortalanmamış ev və obyektlərin zərər görməsi ailələrin gözlənilməz maliyyə yükü ilə üzləşməsinə səbəb olur və bu, onların sosial rifahına birbaşa təsir edir.
Bəs icbari sığortanın olmaması vətəndaşlar üçün konkret hansı problemləri yaradır və bu onların maliyyə təhlükəsizliyinə necə təsir edir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov bildirib ki, sığortası olmayan şəxslər dəymiş ziyanı öz vəsaitləri hesabına ödəməli olurlar:

“Bu vəziyyət birbaşa vətəndaşların maliyyə dayanıqlığına təsir edir və ailə büdcəsində gözlənilməz yük yaradır. Xüsusilə təbii fəlakətlər zamanı böyük məbləğli zərərlərin qarşılanması bir çox hallarda ciddi sosial problemlərə yol açır.
Son 2-3 dəfə yağan intensiv yağışlar nəticəsində təkcə sığortalanmış əmlaklara təxminən 3 milyon manatdan çox ziyan dəyib. Halbuki sığortalanmamış əmlaklarda bu rəqəmin daha yüksək olduğu ehtimal edilir”.
Emil Ağabağırov vurğulayıb ki, icbari əmlak sığortası vətəndaşları su basması, partlayış və digər təbii fəlakətlər nəticəsində yaranan zərərlərdən qoruyur.
Qanunvericiliyə əsasən, yaşayış sahələrinin icbari sığortası üzrə sığorta haqqı regionlara görə dəyişir:
Bakı şəhərində – illik 50 manat
Gəncə, Sumqayıt və Naxçıvanda – illik 40 manat
Digər şəhər və rayonlarda – illik 30 manat
Ekspert vətəndaşlara çağırış edərək bildirib ki, bu cür risklərin artdığı bir dövrdə əmlakın vaxtında sığortalanması həm maddi itkilərin qarşısını almaq, həm də maliyyə təhlükəsizliyini qorumaq baxımından olduqca vacibdir.
Aynurə İsmayıl
KONKRET.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.