Rusiya Federasiyasının ərazi sularında üzən neft tankerinə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücum edilib. Hadisə nəticəsində gəminin kapitanı olan Türkiyə Respublikası vətəndaşının xəsarət aldığı bildirilir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat yayıb. Məlumata görə, Liberiya bayrağı altında hərəkət edən neft tankeri Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hədəfinə çevrilib. Hücum zamanı gəmidə olan kapitan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İlkin ehtimallara görə, söhbət bu gecə Novorossiysk akvatoriyasında hücuma məruz qalan gəmidən gedir. Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev də faktı təsdiqləyərək bildirib ki, PUA hücumu nəticəsində gəmidə yanğın baş verib. Hadisə yerinə dərhal xilasetmə və yanğınsöndürmə briqadaları cəlb olunub. Qubernatorun sözlərinə görə, gəmidə yaralanan bir nəfər dərhal xəstəxanaya yerləşdirilib.
Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi açıb və hazırda hücumun təfərrüatları araşdırılır. Gəmiyə dəyən ziyanın miqyası və neft sızması riskinin olub-olmaması barədə hələlik dəqiq məlumat verilmir.
Qeyd edək ki, son dövrlər Qara dəniz hövzəsində mülki və ticarət gəmilərinə qarşı PUA və dəniz dronları ilə hücumların intensivləşməsi beynəlxalq gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
Sara,
NOCOMMENT.az