AZ

Livan İsrail razılaşması: Vaxt qazanmaq, yoxsa sülh qurmaq?

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Aprelin 16-da ABŞ vasitəçiliyi ilə Livan və İsrail arasında görüş baç tutub. Görüşdə tərəflər atəşkəsin əldə olunması və Livanın cənubunda təhlükəsizlik mexanizmlərinin yaradılması istiqamətində ilkin razılığa gəlib.

Bu razılaşma regionda paralel gedən iki ziddiyyətli xətti açıq şəkildə ortaya qoyur: bir tərəfdə hərbi eskalasiya, digər tərəfdə isə siyasi-diplomatik tənzimləmə cəhdi. Benyamin Netanyahu hökumətinin eyni vaxtda həm əməliyyatları genişləndirməsi, həm də danışıqlara razılıq verməsi göstərir ki, İsrail klassik “təzyiq altında diplomatiya” strategiyasını tətbiq edir. Məqsəd masa arxasında daha sərfəli şərtlər əldə etməkdir. Xüsusilə “Hizbullah”ın tam tərksilahı və ya ən azı Livanın cənubundan sıxışdırılması kimi maksimalist tələblərin irəli sürülməsi onu göstərir ki, bu proses adi atəşkəsdən daha geniş təhlükəsizlik arxitekturasının yenidən qurulmasına hesablanıb.

Digər mühüm məqam isə Marko Rubio tərəfindən vurğulanan “daha geniş və strateji məsələlər” kontekstidir. Bu, faktiki olaraq Livan-İsrail xəttində münaqişənin yalnız lokal problem kimi deyil, regionda İran təsirinin zəiflədilməsi planının tərkib hissəsi kimi qiymətləndirildiyini göstərir. Burada Livan daxilində güc balansının dəyişdirilməsi, “Hizbullah”ın hərbi və siyasi rolunun məhdudlaşdırılması və eyni zamanda mərkəzi dövlət institutlarının gücləndirilməsi hədəflənir. ABŞ-nin humanitar yardım paketini paralel şəkildə təqdim etməsi də təsadüfi deyil. Bu, həm yumşaq güc elementidir, həm də Livan cəmiyyətində alternativ legitimlik yaratmaq cəhdidir.

Bununla yanaşı, prosesin ən həssas tərəfi ondan ibarətdir ki, tərəflər arasında razılaşma olsa belə, sahədəki reallıq bunu dərhal təsdiqləmir. İsrailin təhlükəsizlik kabinetinin atəşkəslə bağlı konkret qərar qəbul etməməsi göstərir ki, siyasi razılaşma ilə hərbi strategiya arasında hələ uyğunsuzluq qalır. Eyni zamanda “Hizbullah” kimi qeyri-dövlət silahlı aktorların qərar mexanizmi klassik dövlətlərdən fərqli olduğu üçün onların bu razılaşmaya necə reaksiya verəcəyi həlledici olacaq. Əgər təşkilat bunu geri çəkilmə kimi deyil, mövcudluğuna təhdid kimi qiymətləndirərsə, proses çox tez yenidən eskalasiyaya keçə bilər.

Ən maraqlı və yeni element isə son 34 ildə ilk dəfə birbaşa təmasların mümkün olması ilə bağlı məlumatdır. Bu, əgər təsdiqlənərsə, regionda uzun illər davam edən dolayı qarşıdurma modelindən çıxış cəhdi kimi qiymətləndirilə bilər. Lakin burada əsas sual dəyişmir: bu təmas real siyasi kompromisə aparacaqmı, yoxsa sadəcə vaxt qazanmaq və hərbi mövqeləri möhkəmləndirmək üçün istifadə olunacaq? Mövcud dinamika göstərir ki, tərəflər hələ də maksimum mövqedən geri çəkilməyə hazır deyil. Bu isə o deməkdir ki, əldə olunan razılaşma daha çox taktiki fasilə xarakteri daşıyır, strateji sülh isə hələlik uzaq perspektiv olaraq qalır.

Alim Nəsirov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
bakivaxti.az

2Mənbələr