AZ

AMEA-da “Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabının təqdimatı olub

Aprelin 16-da Mərkəzi Elmi Kitabxanada (MEK) AMEA-nın müşaviri, akademik Yaqub Mahmudovun və professor Tofiq Mustafazadənin “Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabının təqdimat mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə akademik Yaqub Mahmudovun əsərlərindən ibarət sərgi ilə tanış olublar. Həmçinin Mərkəzi Elmi Kitabxanada bu gün yaradılan “Akademik Yaqub Mahmudovun kitablarından ibarət fond” oxuculara təqdim edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tariximizin qaranlıq səhifələrinə işıq salan kitabın elmi əhəmiyyətini qeyd edib. O, ictimaiyyətə təqdim olunan bu əsərdə arxiv materiallarına və mühüm sənədlərə əsaslanaraq tariximizin vacib məqamlarına dair mühüm faktların oxuculara çatdırıldığını söyləyib.

AMEA rəhbəri bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci mərhələsində dövlətçilik tariximizə sistemli şəkildə qayıdış baş vermiş, tarixi şəxsiyyətlərimizin elmi əsaslarla yenidən qiymətləndirilməsi prosesi başlanılmışdır. Bu mərhələdə Azərbaycanın inkişafında müstəsna xidmətləri olmuş dahi şəxsiyyətlərin yubileylərinin dövlət səviyyəsində qeyd olunması mühüm ənənəyə çevrilmişdir.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, görkəmli dövlət xadimi Nəriman Nərimanovun 100 illik yubileyi Ulu Öndərin təşəbbüsü ilə 1972-ci ildə qeyd edilmiş, Heydər Əliyev 28 iyul 1981-ci ildə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 840 illik yubileyinin keçirilməsi haqqında” qərar imzalamışdır. Bu faktlar şəxsiyyətə qayıdış siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını açıq şəkildə göstərir.

“Müstəqillik illərində tarixi şəxsiyyətlərin irsinin sistemli şəkildə öyrənilməsi və cəmiyyətə təqdim olunması istiqamətində həyata keçirilən dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıl və yüksək səviyyədə davam etdirilmişdir”, – deyən AMEA rəhbəri son illərdə “İmadəddin Nəsimi ili”, “Nizami Gəncəvi ili”, “Heydər Əliyev ili”nin elan olunmasının müstəqil Azərbaycanın müasir inkişaf mərhələsində dövlət başçısının milli-mənəvi dəyərlərə və dahi şəxsiyyətlərin irsinə göstərdiyi xüsusi diqqət və qayğının aydın ifadəsi olduğunu diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, görkəmli tarixi şəxsiyyətlərimizin zəngin həyat və fəaliyyətinin elmi əsaslarla araşdırılması daha da genişləndirilməli, onların zəngin irsi gənc nəsillərin milli şüurunun formalaşmasında mühüm rol oynayan davamlı qürur və iftixar mənbəyinə çevrilməlidir.

O, dünya hərb sənətinin dahilərindən biri olan Nadir şah Əfşar haqqında indiyədək əsasən tərcümə mənbələrinə istinad etməklə məlumatların əldə olunduğunu söyləyib. Bildirib ki, akademik Yaqub Mahmudov və professor Tofiq Mustafazadənin həmmüəllif olduqları “Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabında isə Şərq və Qərb mənbələri ilə yanaşı, Rusiya arxiv sənədləri və müxtəlif dillərdə nəşr edilmiş elmi tədqiqatlardakı faktik materiallar əsasında dahi Azərbaycan sərkərdəsinin həyat və fəaliyyətinə obyektiv elmi qiymət verilir.

Akademik İsa Həbibbəyli kitabın Azərbaycan dövlətçiliyinin öyrənilməsi baxımdan mühüm elmi mənbə olduğunu vurğulayıb,müəlliflərə yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra AMEA-nın Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi tarix elmləri doktoru Güntəkin Nəcəfli çıxış edərək nəşrin məziyyətlərindən danışıb, kitabı mühüm elmi-tarixi hadisə kimi yüksək dəyərləndirib. O, indiyədək Qərb və Rusiya tarixşünaslığında Nadir şah şəxsiyyətinə qeyri-obyektiv yanaşıldığını və dahi sərkərdənin xidmətlərinin kiçildildiyini söyləyib. Qeyd edib ki, “Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabı bu cür saxtalaşdırılmış yanaşmalara elmi faktlara söykənən tutarlı cavabdır. Əsər müəlliflərin ortaya qoyduğu mükəmməl sənət nümunəsidir.

Güntəkin Nəcəfli vurğulayıb ki, Nadir şah haqqında obyektiv araşdırmaların aparılması və bu kimi nəşrlərin yazılması bu gün öz torpaqlarını 30 illik düşmən işğalından azad etmiş bir ölkənin vətəndaşları, xüsusilə də gənc nəsil üçün böyük əhəmiyyət daşıyır. Bu kimi əsərlər gənclərə tarixi şəxsiyyətlərimizi elmi və obyektiv meyarlar əsasında dəyərləndirmək imkanı yaradır.

Seçilən
9
7
aznews.az

8Mənbələr