AZ

Sayrışan işıqlar altındakı sərxoşluq: Biz indi kimə yol veririk?

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Cəmiyyət olaraq bəlkə də ən çətin öyrəndiyimiz vərdişlərdən biri təcili tibbi yardım maşınlarına yol vermək idi. İllərlə çəkilən çarxlar, verilən cərimələr və "içində sənin də yaxının ola bilər" təbliğatı nəhayət ki, öz bəhrəsini verməyə başlamışdı. Sürücülər o sayrışan işıqları görəndə artıq tərəddüd etmədən kənara çəkilir, bir nəfərin həyatı üçün saniyələri qazanmağa çalışırdılar. Ta ki, Bakının mərkəzində o sayrışan işıqların arxasında sərxoş bir sürücünün oturduğu üzə çıxana qədər...

Yasamal Rayon Məhkəməsinin qərarı ilə 10 sutka həbs edilən M. Ə. sadəcə bir sürücü deyil. O, minlərlə insanın təcili yardıma olan inamını həbs etdi. İndi sual yaranır ki, biz o yolları bir canın xilası üçün açırıq, yoxsa bir sərxoşun "paxmel" dumanında rahat hərəkət etməsi üçün?

Bir təcili yardım sürücüsünün sərxoş vəziyyətdə sükan arxasına əyləşməsi sadəcə yol hərəkəti qaydalarının pozulması deyil, bu, peşə etikasına və insan həyatına qarşı törədilmiş sui-qəsddir. O avtomobilin üzərindəki loqo və səsi hər kəs üçün "toxunulmazlıq" və "üstünlük" rəmzidir. Sürücünün bu üstünlükdən sui-istifadə edərək sükan arxasına içkili keçməsi həm də o sistemin daxilindəki nəzarət mexanizminin necə zəif işlədiyini göstərir.

İnsanlar artıq yol kənarında saxlayıb təcili yardıma yol verəndə daxillərində bir şübhə daşıyacaqlar: "Görəsən, içində həqiqətən xəstə var, yoxsa sürücü öz kefindədir?" Bu şübhə bir gün həqiqətən ehtiyacı olan bir xəstənin ölümünə səbəb ola bilər. Çünki inam zədələnəndə, sürücülərin o "həyat xilasetmə" instinkti də zəifləyir. Bir nəfərin məsuliyyətsizliyi, bütöv bir sistemin nüfuzunu bir anda yerlə bir etdi.

Biz yenə də o maşınlara yol verəcəyik. Sərxoş sürücüyə görə deyil, içində olması ehtimal edilən o bir nəfər günahsız xəstəyə görə. Amma aidiyyəti qurumlar anlamalıdır ki, 10 sutka həbs cəzası ilə bu məsələ bitmir. Təcili yardım sistemində kadr seçimi, sürücülərin hər növbə öncəsi tibbi və psixoloji yoxlanışı elə bir səviyyədə olmalıdır ki, kimsə o sükanın arxasına keçməyə cürət belə etməsin. Çünki o sayrışan işıqlar ümidin rəmzidir, kiminsə əyləncəsinin yox!

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
bizimyol.info

1Mənbələr