Lənkəran rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza Lənkəran–Boradigah–Masallı magistralında, rayonun Girdəni kəndi ərazisində qeydə alınıb.
Separadi kənd sakini 1996-cı il təvəllüdlü Elmar Cəfərlinin idarə etdiyi “Renault” markalı avtomobil Vilvan kənd sakini 2002-ci il təvəllüdlü Şərif Hüseynzadənin idarə etdiyi “Toyota Prius” markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən “Toyota Prius” digər “Toyota” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Zəncirvari qəza nəticəsində 7 nəfər xəsarət alıb.
Yaralananlar hər iki sürücü, həmçinin Separadi kənd sakinləri — 1977-ci il təvəllüdlü Fuad Şərifov, 1995-ci il təvəllüdlü Ağadadaş Ağazadə, 1978-ci il təvəllüdlü Ramil Məmmədov, eləcə də Vilvan kənd sakinləri — 1999-cu il təvəllüdlü Elşad Musazadə və Ramil Əzimovdur.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onlara zəruri tibbi yardım göstərilib. Vəziyyəti ağır olan Ramil Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib.