AZ

Kartla ödənişlərdə yeni qayda: Xidmət haqqını kim ödəyəcək?

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

"Əvvəllər müştəriləri nağdsız ödənişlərə cəlb etmək üçün bu xidmət haqqını banklar özləri boyunlarına götürmüşdü. İndi deyirlər ki, xidmət haqqını müştərilərdən çıxaq".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Əkrəm Həsənov kartla ödəniş edən müştərilərdən xidmət haqqının tutulması ilə bağlı Mərkəzi Bankın qərarına aydınlıq gətirərkən deyib. 

İqtisadçı bunun əksər ölkələrdə belə olduğunu bildirib: 

"Xidmət kimə göstərilirsə, ondan da xidmət haqqı tutulur. Keşbek də belə bir şeydir, müştəri cəlb etmək üçün idi. Amma bunu banklar və digər obyektlər öz cibindən, yəni qazanclarından verirdilər. İndi vermirlər, deyirlər ki, onsuz da müştərilər artıb və bu xidmətə öyrəşiblər. Niyə verək ki, elə onların özlərindən alaq".

Əkrəm Həsənov əlavə edib ki, Mərkəzi Bank banklar tərəfindən müştərilərə tətbiq olunmalı olan xidmət haqqının aşağı-yuxarı hədlərini müəyyənləşdirmir:

"Onun buna səlahiyyəti yoxdur. Mərkəzi Bank yalnız öz xidmətlərinin aşağı-yuxarı həddini müəyyən edə bilər, o cümlədən də ödəniş sistemi çərçivəsində. Mərkəzi Bank banklar üçün müəyyən etdiyi xidmət haqqının yuxarı həddini müəyyən edəndə bu istər-istəməz təsir edir. Bütün banklar bilirlər ki, Mərkəzi Bank bu xidməti filan qiymətlə göstərir. Buna görə kimsə yuxarı və digər bank daha aşağı etsə bu rəqabəti uduzacaq. Mərkəzi Bank burada yalnız istiqaməti deyir".

Xidmət haqqının olmasına gəlincə, Əkrəm Həsənov bunun istənilən sahədə olduğunu bildirib:

"Bəzən sual verirlər ki, əvvəllər xidmət haqqını ticarət obyekti özü ödəyirdi, indi bizdən tuturlar. İstənilən sahədə xidmət haqqı var. Çünki ən azı bu xidməti göstərən bank xərc çəkir, işçi saxlayır, informasiya sistemi və s. Gərək qazancı da olsun, xeyriyyə fondu deyil ki".

Qeyd edək ki, Mərkəzi Bankın müvafiq qərarına əsasən, iyunun 1-dən bu xidmət haqqının yuxarı həddi müəyyən sahələr üzrə aşağı salınacaq. Yuxarı hədd 0.25 faiz bəndi endirilməklə aptek və ərzaq mağazaları üzrə ödəniş məbləğinin 1.25 %-i, yanacaq kateqoriyası üzrə 0.75 %-i, ümumi kateqoriyada isə 1.5 %-i səviyyəsində müəyyən olunub. 

Bahar Rüstəmli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
qaynarinfo.az

1Mənbələr