AZ

Dünya ÇALXALANIR - Hörmüz boğazı yenidən bağlandı – Neft qiymətində ŞOK sıçrayış!

Xəbər verdiyimiz kimi, cəmi bir neçə saatlıq sükutdan sonra Hörmüz boğazında gərginlik yenidən pik həddə çatıb. Belə ki, İran tərəfi strateji keçidin tam hərbi nəzarətə götürüldüyünü açıqlayıb.

Qlobal neft və qaz daşımalarının böyük hissəsinin keçdiyi bu strateji nöqtədə vəziyyətin yenidən sərtləşməsi enerji bazarlarında ciddi narahatlıq yaradıb.

image_1776514457435.jpg

Beləliklə, Hörmüz boğazı təkrar bağlandı. Bəs neftin qiyməti nə qədər qalxacaq?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb.

NATİQ

İqtisadçı qeyd edib ki, bu, tamamilə Hörmüz boğazının nə qədər bağlı qalmasından asılıdır:

"Çünki bu keçid o qədər açılıb-bağlanıb ki, artıq sanki "qapısı sıradan çıxacaq" vəziyyətə gəlib. Yəni bu qədər tez-tez dəyişən bəyanatlar artıq bazarda da ciddi inamsızlıq yaradır. İnsanlar da belə açıqlamalara əvvəlki kimi ciddi reaksiya vermir. Ona görə əsas məsələ odur ki, boğaz nə qədər bağlı qalacaq və doğrudanmı real şəkildə bağlanacaq, yoxsa bu, sadəcə siyasi təzyiq vasitəsidir. Məsələn, başqa bir dolayı siqnal da var: İran bu gün hava məkanını açıb və xaricdən təyyarələri qəbul etməyə başlayıb. Bu isə o deməkdir ki, müəyyən səviyyədə tərəflər arasında danışıqlardan nəticə çıxacağına dair ümidlər mövcuddur və ən azından genişmiqyaslı hərbi eskalasiya ehtimalı hələlik tam güclənməyib".

Natiq Cəfərli hesab edir ki, əgər İranın hərbiləşdirilmiş qurumları Hörmüz boğazını həqiqətən təzyiq aləti kimi uzun müddət istifadə etsə, bu, onların əlində üstünlük yox, ciddi problemə çevrilə bilər:

"Çünki belə bir addım qlobal reaksiyanı tamamilə İranın əleyhinə çevirər və beynəlxalq təzyiqi artırar. Amma nəzərə almaq lazımdır ki, bu gün şənbədir və birjalar işləmir, sabah isə bazar günüdür və yenə də aktiv ticarət yoxdur. Əgər bu gün və ya sabah Hörmüz boğazı ilə bağlı yumşalma və ya açılma istiqamətində açıqlama olarsa, bazar ertəsi günü reaksiyalar daha normal və nisbətən sakit ola bilər. Amma əgər əksinə, təsdiqlənsə ki, doğrudan da hərbi gərginlik artır və ya boğazın bağlanması davam edir, o zaman neft qiymətlərində ciddi sıçrayış gözlənilə bilər və qiymət 100 dollar həddini keçə bilər. Çünki artıq iki gün əvvəl neft 90 dollardan aşağı düşmüşdü və bazar həssas tarazlıqda idi".

Xalidə Gəray
Musavat.com

Seçilən
29
musavat.com

1Mənbələr