Türkmənistanın enerji gündəliyində əsas məsələlərdən biri Avropa İttifaqı (Aİ) ölkələrinə təbii qaz tədarüküdür.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Antalya Diplomatiya Forumunda çıxışı zamanı bəyan edib.
"Türkmənistanın enerji gündəliyinin əsas prioritetlərindən biri Avropaya təbii qaz tədarüküdür. 15-20 il əvvəl avropalı həmkarlarımızla çox yaxşı əməkdaşlığımız var idi və Türkmənistan təbii qazının Xəzər dənizi üzərindən Avropaya çatdırılmasına dair bir sıra ideyaların reallaşdırılması üçün çox iş görmüşük", - nazir bildirib.
R. Meredov nəqliyyat sektorunun təhlükəsizliyinin təmin edilməsinin vacibliyinə də diqqət çəkib.
"Mərkəzi Asiya "Şərq-Qərb" və "Şimal-Cənub" marşrutlarında əsas nəqliyyat qovşağıdır. Regionumuzun logistika sahəsindəki potensialından tam istifadə etmək, Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyətini təmin etmək üçün səylərimizi birləşdirməliyik", - nazir izah edib.
O, Trans-Xəzər Nəqliyyat Dəhlizini ən mühüm marşrutlardan biri olduğunu vurğulayıb.
"Əminəm ki, Avrasiya qitəsinin digər regionlarından olan tərəfdaşlarımız Mərkəzi Asiya dövlətləri ilə nəqliyyat və logistika sahəsində birgə fəaliyyəti genişləndirməyə hazır olacaqlar", - R. Meredov qeyd edib.