AZ

Avropa üçüncüsü olan cüdoçu: Növbəti məqsədim Bakıda dünya çempionu olmaqdır

Tbilisi, 18 aprel, AZƏRTAC

Əsas məqsədimiz qələbə idi və buna da müəyyən qədər nail olduq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında bürünc medal qazanan Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kiloqram) deyib.

O, nəticəni ümumilikdə qənaətbəxş hesab etdiyini deyib: “Yarımfinal görüşündə performansımda bir az eniş oldu. Amma ümumilikdə nəticəmdən razıyam. Komandamızın üzvlərinin də, mənim də medalımız var. Pis nəticə deyil, bundan sonra növbəti yarışlara hazırlaşacağıq. Bakıda keçiriləcək dünya çempionatında əsas məqsədim qızıl medal qazanmaqdır”.

27 yaşlı idmançı yarımfinalda gürcüstanlı Tato Qriqalaşviliyə ümumilikdə 6-cı dəfə uduzmasının psixoloji amillə bağlı olmadığını bildirib: "Bunu məşqçimizlə araşdıracağıq. Mən düşünmürəm ki, bu psixoloji məsələdir. Sadəcə belə alındı. Səhvlərimiz üzərində işləyəcəyik".

Cüdoçu çempion olan rusiyalı Timur Arbuzovun çıxışını da yüksək qiymətləndirib: “Layiqincə qalib gəldi. Hamını keçdi və bununla da qızılı haqq etdi”.

Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. Daha əvvəl Hidayət Heydərov (73 kiloqram) gümüş, Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.

Müxbir - Aynur Əlixanlı

Seçilən
29
2
azertag.az

3Mənbələr