AZ

Bakı Ermənistanı "iqtisadi reanimasiya"dan çıxarır: İrəvan Azərbaycanın iqtisadi potensialına göz dikib

Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması prosesində indi artıq Azərbaycanın strateji müttəfiqi Türkiyə də birbaşa iştirak edir və bu, erməni radikallar üçün əsas çəkindirici faktorlardan biri hesab olunur... Ona görə də, rəsmi İrəvan Ermənistanı blokadadan tamamilə çıxartmaq üçün yalnız Azərbaycanla deyil, həm də Türkiyə ilə münasibətləri sürətlə normallaşdırmağa məcburdur...

Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması indi regional gündəmin əsas mövzuları sırasında ön planda yer alır. Xüsusilə də, Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində bu mövzuda daha da aktual xarakter daşıyır. Çünki Rusiya Ermənistanda hakimiyyətin dəyişməsində maraqlıdır. Kreml Rusiyanın agentura şəbəkəsinə daxil olan radikal-revanşist düşərgənin hakimiyyətə gəlməsinə çalışır. Və hakimiyyətə iddialı hər iki tərəf Ermənistan cəmiyyətini yeni müharibə təhlükəsi ilə qorxudur.

Onu da qeyd etmək lazımdır ki, Kremlin agentura şəbəkəsi Ermənistan cəmiyyətində Rusiyanın hərbi-siyasi himayəsi olmazsa, ölkənin real savaş ehtimalı ilə üzləşə biləcəyini iddia edir. Əsas arqument isə ondan ibarətdir ki, guya Ermənistanı Azərbaycanın hərbi müdaxiləsindən yalnız Rusiyanın təhlükəsizlik təminatı qoruya bilər. Və bu uydurma iddialar ilə hakimiyyətə gələrək, yenidən Ermənistanı Rusiyanın "qaranlıq tunel"inə qaytarmağa çalışırlar.

Paşinyan hökuməti isə buna cavab olaraq, məhz Rusiyanın agentura şəbəkəsi hakimiyyəti ələ keçirəcəyi təqdirdə, radikal-revanşistlərin Azərbaycan ilə hərbi qarşıdurma vəziyyəti yaradacağını xüsusi olaraq, vurğulayır. Belə ki, Paşinyan hakimiyyətinin mövqeyinə görə, Rusiya öz agentura şəbəkəsi vasitəsilə Cənubi Qafqazda yeni savaş situasiyanın yaradılmasına çalışacaq. Və nəticədə son illərdə əldə olunmuş qarşılıqlı anlaşmalar ciddi risk altına düşəcək.

Maraqlıdır ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan bir müddət öncə bu barədə danışarkən, bildirib ki, Ermənistanın real təhlükəsizlik təminatçısı məhz Azərbaycandır. Eyni zamanda, Azərbaycan üçün də Ermənistan belə bir rol oynayır. Alen Simonyan vurğulayıb ki, dünyada yeni və davam edən müharibələrin fonunda Ermənistan və Azərbaycan artıq möhkəmləndirilməli olan sülh vəziyyətinə gəlib çıxıblar.

Digər tərəfdən, erməni spiker qeyd edib ki, həm Ermənistanı, həm də Azərbaycanı bir-birinə qarşı hərbi qarşıdurmaya cəlb etmək istəyən çoxsaylı qüvvələr mövcuddur. Onun fikrincə, bu, o qədər aydın reallıqdır ki, əlavə izaha belə ehtiyac yoxdur. Və Alen Simonyan hansı qüvvələri nəzərdə tutduğunu dəqiqləşdirməsə də, erməni spikerin həm Rusiyaya, həm də Kremlə bağlı agentura şəbəkəsinə yönəlik eyham vurduğunu anlamaq o qədər də çətin deyil.

Ümumiyyətləsə, Paşinyan hakimiyyəti hazırda keçmişə geri dönmək əvəzinə, həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətlərin normallaşdırılması sayəsində Ermənistana yeni inkişaf perspektivləri qazandırmağın daha doğru yol olduğunu qabartmağa çalışır. İndi rəsmi İrəvan hətta Ermənistanı Azərbaycandan və Mərkəzi Asiyadan Avropaya elektrik və digər enerji resurslarının nəqli üçün əsas tranzit mərkəzinə çevirmək ideyası ilə də çıxış edir.

Rəsmi İrəvanın qənaətinə görə, bunun üçün ilk növbədə regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması vacibdir. Paşinyan hakimiyyəti hesab edir ki, sülhə nail olmaq üçün necə siyasi iradə və mühüm qərarlar tələb olunurdusa, indi bu məsələdə eyni yanaşma tərzinə ehtiyac var. Və buna nail olunarsa, Ermənistan həm artıq nisbətən yumşaldılmış blokada vəziyyətindən çıxa, həm də, daha genişmiqyaslı iqtisadi-ticari münasibətlər üçün real imkanlar qazana bilər.

Belə anlaşılır ki, Ermənistan artıq rəsmi Bakı ilə münasibətləri normallaşdırdlqdan sonra Azərbaycanın geniş iqtisadi-ticari potensialından faydalana biləcəyinə ümid bəsləməyə də başlayıb. Əslində, rəsmi Bakının xoşməramlı regional siyasətinin Ermənistana elə indidən fayda verməyə başladığı da inkaredilməz reallıqdır. Belə ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsi və İqtisadiyyat Nazirliyinin 2025-ci ilin noyabrından 2026-cı ilin 15 aprelinə qədər olan dövr üzrə Azərbaycan ərazisi ilə daşınan və birbaşa Azərbaycandan idxal olunan mallara dair yaydığı rəsmi məlumatlar da bunu təsdiqləyir.

Həmin məlumatlara görə, göstərilən müddət ərzində Rusiya və Qazaxıstandan Ermənistana Azərbaycan üzərindən ümumilikdə 26 tondan çox yük daşınıb. Eyni zamanda, Ermənistan Azərbaycandan 9 337 ton yanacaq idxal edib. Halbuki, bu, yalnız yeni başlanmış prosesin hələlik ilkin nəticələridir. Yəni, Azərbaycanla münasibətlərin tam normallaşdırılması və iqtisadi-ticari əməkdaşlığın qurulması Ermənistana indi olduğundan qat-qat çox mənfəət vəd edir. Və bu, Ermənistan üçün müstəqillik dövrünün ən böyük inkişaf fürsəti hesab olunur.

Ancaq rəsmi İrəvanın bu böyük inkişaf fürsətindən tam şəkildə faydalana bilməsi üçün bəzi qətiyyətli addımların atılması da olduqca vacibdir. Belə ki, ilk növbədə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin rəsmən imzalanması lazımdır. Əks halda, bütün bu müddət tendensiya yarımçıq proses xarakteri daşıya bilər. Və bundan yalnız Ermənistanın zərər çəkəcəyi qətiyyən şübhə doğurmur.

Maraqlıdır ki, rəsmi İrəvan bu reallığı anladığını artıq gizlətmir. Belə ki, bu barədə danışan Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib ki, rəsmi İrəvan Azərbaycanla yekun sülh sazişinin imzalanması və ratifikasiyası üzərində işləyir. Onun fikrincə, Ermənistan və Azərbaycan artıq sülh vəziyyətindədir: "Yekun sülh sazişin imzalanmasına gəldikdə isə sənəd artıq paraflanıb. Biz indi azərbaycanlı həmkarlarımızla birlikdə onun imzalanması və yekun ratifikasiyası istiqamətində işləyirik”.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması prosesində Azərbaycanın strateji müttəfiqi Türkiyə də birbaşa iştirak edir. Belə ki, rəsmi İrəvan yalnız Azərbaycanla deyil, həm də Türkiyə ilə münasibətləri sürətlə normallaşdırmağa məcburdur. Çünki bu iki prosesdən hər hansı birinin ləngiməsi və ya ümumiyyətlə, əngəllənməsi digərinin də inkişaf istiqamətlərinə neqativ şəkildə təsir göstərə bilər. Və bu isə Ermənistanın blokada vəziyyətinin uzanması ilə bağlı təhlükənin hələ də aktual olduğu anlamını daşıyır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın dediyinə görə, rəsmi İrəvan Türkiyə ilə artıq bir sıra razılaşmalar əldə edib və indi onların həyata keçirilməsi istiqamətində addımlar atılır. Onun fikrincə, ötən iki ölkənin rəsmi nümayəndələri arasında çoxsaylı görüşlərin keçirilməsi sabit və konstruktiv əməkdaşlığın göstəricisidir. Və tərəfin müzakirə etdiyi məsələlərin sırasında yalnız siyasi-iqtisadi deyil, həm də humanitar mövzular da yer alır.

Maraqlıdır ki, rəsmi Ankaranın Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesi ilə bağlı mövqeyində əsas strateji xətt dəyişməz qalmaqdadır. Belə ki, prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılma prosesinin məhz Azərbaycanla koordinasiyalı şəkildə birlikdə aparıldığını növbəti dəfə açıq mətnlə vurğulayıb. Və bu, o deməkdir ki, Ermənistan yalnız rəsmi Bakıyla deyil, Türkiyə ilə də münasibətlərini normallaşdırmaq üçün istənilən halda, Azərbaycanla yekun sülh sazişini mümkün qədər tez bir zamanda imzalamaq barədə daha ciddi düşünməli olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Seçilən
26
musavat.com

1Mənbələr