AZ

Maşın bazarında durğunluq: avtomobillərə maraq niyə azalıb?

Çin istehsalı olan avtomobillər Azərbaycan bazarına sürətlə daxil olsa da, son günlər bu nəqliyyat vasitələrinin satışında azalma müşahidə olunur. Hibrid və "plug-in" hibrid avtomobillərə tətbiq olunan vergi güzəştləri müddətinin başa çatması bu maşınlara olan marağı zəiflədib.

Publika.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Nəqliyyat üzrə ekspert Eyyub Əliyevin sözlərinə görə, vətəndaşlar güzəştlərdən yararlanaraq 2026-cı ilə qədər həddindən artıq avtomobil idxal etdikləri üçün hazırda bazarda durğunluq yaranıb. Bu vəziyyət qiymətlərə də birbaşa təsir göstərib:

"Satışa çıxarılan həmin avtomobillər artıq bazarda çoxluq təşkil edir. Bu avtomobillərə marağın azalması qiymətlərin aşağı düşməsinə gətirib çıxardı. İnvestorlar əvvəlki dövrlərdə yatırdıqları vəsaiti və qazancı 10-15 gün ərzində əldə edə bilirdilər. Lakin yanvar ayından sonra satışların və tələbin azalması investorlarda narahatlıq yaradıb. Bu səbəbdən onlar avtomobilləri mənfəətsiz sataraq vəsaitlərini geri çəkməyə üstünlük verirlər. Nəticədə, qiymətlərdə ötən ilə nisbətən ucuzlaşma müşahidə olunur".

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-fevral ayları ərzində Çindən Azərbaycana 431 ədəd hibrid, 4 565 ədəd "plug-in" hibrid avtomobili daxil olub.

Seçilən
15
3
publika.az

8Mənbələr