AZ

Niderlandda azərbaycanlı rəssamın sərgisi təşkil edilib



“Azərbaycan Niderland Odlar Yurdu” Cəmiyyətinin təşkilatçılığı, Niderland Azərbaycanlıları Koordinasiya Şurasının və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Niderlandın Haaqa şəhərində Azərbaycandan kənarda da tanınmış fotoqraf Etibar Cəfərovun “Şərq və Qərb bir arada” adlı fotosərgisi təşkil olunub.

Newscenter.az Benilüks Azərbaycanlıları Konqresinə istinadən bildirir ki, sərgi Azərbaycan Respublikasının Dövlət Himni ilə açılmış, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin təşkilatçısı, Niderland Odlar Yurdu Cəmiyyətinin sədri Frəngiz Bağırova açılış nitqi ilə çıxış edərək iştirakçıları salamladı. O, sərginin Niderland–Azərbaycan əlaqələrinin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb. Bu tədbirin Azərbaycan mədəniyyətinin ölkə hüdudlarından kənarda tanıdılması və qədim tariximizlə müasirliyin sintezini nümayiş etdirməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Daha sonra söz Azərbaycan Respublikasının Niderlanddakı səfirliyinin 2-ci katibi Dilarə Abbasovaya verildi. O, son illərdə ölkəmizin memarlıq sahəsində əldə etdiyi uğurlardan bəhs edərək Azərbaycanın Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu məkan olduğunu, tolerantlıq ənənələrinin və müxtəlif dinlərin harmoniyasının bu sərgidə də öz əksini tapdığını bildirib.

Sonra çıxış edən Etibar Cəfərov qeyd etdi ki, son illərdə Azərbaycan memarlıq və mədəni irsinin sənədləşdirilməsi ilə məşğuldur. O, yaradıcılığının əsasını Şərq və Qərb memarlıq üslublarının vəhdəti ideyasının təşkil etdiyini və bu harmoniyanı fotoqrafiya vasitəsilə nümayiş etdirməyə çalışdığını vurğuladı. Həmçinin müxtəlif dinlərin milli memarlığımıza təsirinin onun yaradıcılığında mühüm yer tutduğunu bildirdi və bu mövzuda nəşr olunmuş kitabları haqqında məlumat verib.

Sonda söz Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Elsevər Məmmədova verildi. O, ilk növbədə tədbirin təşkilatçısı Frəngiz Bağırovaya təşəkkürünü bildirərək belə tədbirlərin Avropada keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Elsevər Məmmədov sərgidə nümayiş olunan əsərlərin yüksək peşəkarlıqla hazırlandığını qeyd edərək müəllifə gələcək fəaliyyətində uğurlar arzuladı və bu cür layihələrin davamlı olmasının vacibliyini bildirdi. O, həmçinin bu layihələrin Azərbaycan incəsənətinin zənginliyini və rəngarəngliyini nümayiş etdirməklə ölkəmizin beynəlxalq mədəni mühitdə mövqeyinin möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.

Sərgidə nümayiş olunan əsərlər Azərbaycanın gözəlliyini, Bakının əsrarəngiz memarlığını əks etdirərək mədəniyyətimizin sanki səssiz nəğməsi kimi təqdim olunurdu. Qədimliklə müasirliyin vəhdəti tamaşaçılarda xüsusi maraq doğururdu.

Azərbaycan mətbəxinin ləzzətli təamları ilə bəzədilmiş süfrələr isə iştirakçıların zövqünü oxşadı. Tədbirin sonunda fikir mübadiləsi aparıldı və xatirə fotoları çəkilib.

Süleyman
Seçilən
18
1
newscenter.az

2Mənbələr