AZ

Allahın ətəyinə boşaltdım çanta çanta şifahi qarğışları… Fərqanə Səfərlinin şeirləri

ain.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az Fərqanə Səfərlinin şeirlərini təqdim edir.

KƏPƏNƏYİN SÜQUTU

Mən bütün kəpənəkləri

Dindirərdim şam üstə.

Qanadları toz tökərdi ovcuma

Qəm üstə.

Deyərdim, ömrü nədi?!

Yığılacaq,

büküləcək bələkdə...

Deməzdim, şeytan gəlib

Əl uzadar,

Dartar onu yedəklə...

Gecəyə ulduz falından

Yön verərdi

Qisməti "pərincə"lər...

Bilməzdilər

Bir gün gələr zülmət yolda

Uçub-uçub

Bir Simurqun lələyində dincələr...

Mən bütün kəpənəkləri

Yandırardım üz üstə.

Sonra peşmanlığımı

Allaha bildirərdim -

günahımın kölgəsində

Cəsədlərin toplamaqla

Diz üstə…

GƏLİRƏMYerin pis əməlindən

Üşüyürəm, İlahi -

Göydə bir ocaq qala,

Qızınmağa gəlirəm.Çiynimdəki hörüklər

Mələklərə yol açıb -

Dəftərimi bilməkçün

Arınmağa gəlirəm.Qaranlıq peşimandı,

Qardaş bilib işığı -

Kəfənin iç üzünə

Sarınmağa gəlirəm.Biz uçmaq vərdişini

Doğuluşdan itirdik -

Bir kəpənək belində

Barınmağa gəlirəm.

GÜNƏŞDƏN YUXARI

Yoxdur buğdanın qanadı;

Yük olmadan qarışqaya

Uçsun sünbüldən yuxarı,

Bitsin torpaqdan aşağı.

Sən də bir gün külək olsan,

Yağışın yolunu kəssən,

İslatdığı hər telinin

Dilini, boyunu kəssən,

Ağlar ürəkdən yuxarı,

Susar daraqdan aşağı.

Gözləginən yarasanı

Alatoran düşən vaxtı.

Gündüzləri haraylama,

Gecələrə düşər baxtı.

Qaçar gözündən yuxarı,

Enməz qulaqdan aşağı.

Yıxılmısan, əzilmisən,

Qanamısan zaman-zaman.

Dizlərinə vaxtın izi

Düşüb qapaqdan yuxarı,

Sızıb topuqdan aşağı.

Adını da unutmusan,

Gözünün rənginə kimi.

Eşqin yaman çaşbaş qalıb

Səni gözləyənə kimi;

Baxıb günəşdən yuxarı,

Görüb ocaqdan aşağı.

Hərdən vicdanın sızlayıb,

İçin-için göynəmisən.

Bir az Allahdan yuxarı,

Bir az dodaqdan aşağı…

DÜNYANIN DÜZ VAXTINA

Mən elə bildim böyüyüb

Yetir insan öz baxtına.

Demə, əyri yol gedirmiş

Dünyanın lap düz vaxtına.

Yəhər yüklü ağrıları ,

Dartır köhlən sağrıları,

Qaçır alma oğruları

Həvvanın ta qız vaxtına.

Yorğun idi dar ağacı,

Ölüm də baxdı qıyğacı,

Laylaların ən qısqancı

Dönük çıxdı saz vaxtına.

Kəpənək doğuşdan bəri,

Bir ipəkdi, bir də dəri,

Qışın oğlan həndəvəri

Çəkdi yolun yaz vaxtına.

AYA DOĞRU

Bir iz qalıb yerdən uzaq,

Bir addım var göyə doğru.

Hansı ulduzun tozuyam

Üzüm baxır aya doğru?!

Sanma, zil muğam üstəyəm,

Şur dinləyən can üstəyəm.

Ömrü yenidən izləyən

Təqvim asdım saya doğru.

Çox işlədi buz dolabım,

Dondu içində inadım.

Gizlətməli yerdi sandım

Gün görmədi yaya doğru.

ÜMİD - QARĞIŞ ÇANTASI

Allahın ətəyinə

Boşaltdım çanta-çanta

Şifahi qarğışları…

Alın yazım olmadı-

Göy üzünə həvalə.

Əzbərlərini pozmur

Bildiyim alqışların…

Bir Şahməran vurmuşdu

Yerin əncər qatında

Köklü diləklərimi…

”Yolçu yolunda gərək”-

deyib asdım çiynimə

Yaşlı ümidlərimi…

"Rock and Roll Hall of Fame" "Şərəf siyahısı"nı açıqladı

“Spaceballs 2”nin nümayiş tarixi açıqlandı

Azərbaycanda süni intellekt vasitəsilə ilk tarixi film hazırlandı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
kulis.az

1Mənbələr