AZ

Niyə susursuz, o boyda “Neftçi”də bir Ehtiram Quliyev yoxdur ki?

«Neftçi»nin əleyhinə verilən yanlış hakim qərarlarının sayı-hesabı itib.

Ölkənin ən qocaman klubuna qərəzli davrananların siyahısına son olaraq İnqilab Məmmədov da qoşuldu.

Zirədə ədalət hissini itirən, təcrübəli referiyə yaraşmayan ciddi səhvlərə yol verən, haqqına girdiyi komandanın məşqçi və futbolçularına utanmaz-utanmaz sarı və qırmızı vərəqələr paylayan Məmmədov dünən də «Qarabağ»ın «Sabah»la oyununda dördüncü hakim idi.

Heç nə olmamış kimi iki texniki zona arasında dayanıb, öz işini gördü.

Deyəsən, Hakimlər Komitəsi İnqilaba heç bir cəza verməyəcək. Yenə sədr Rəhim Həsənov özündən bir «qayda», əslində isə bəhanə fikirləşib, adamını sudan quru çıxarmağa çalışacaq.

Belə yerdə deyiblər e, haradasan, ay Məşədi Kazım?! Futbolumuzun müasir «Məşədi Kazım»ı Ehtiram Quliyevdir.

«Zirə» ilə kubok oyunundan sonra dayandı jurnalistlərin yanında, bir-birindən sərt, hətta əndazəni aşan açıqlamalar verdi, bununla da məqsədinə çatdı.

Premyer Liqanın axır iki turunda hakimlərin «Turan Tovuz»la işi yoxdur. Onun Əliyar Ağayev haqda söylədikləri canlarına necə qorxu salıbsa da, cınqırlarını da çıxara bilmirlər.

Əksinə, «Turan»ın futbolçularının xətrinə dəyməmək üçün meydanda özlərini quzu balası kimi aparırlar.

O boyda tarixi olan, dağdan ağır «Neftçi»də bir Ehtiram Quliyev tapılmadı ki, hakimlərin iç-üzünü açsın? Bazada daşı atırsan, gedib ya funksionerə dəyir, ya da kordinatora.

Onlardan biri niyə çıxıb haqlı şikayətini etmir? Bir qucaq maaş alanda yaxşıdır, doğruları söyləmək, klubun haqqını qorumaq pis?

Cənablar, niyə ağzınıza su alıb oturmusuz yerinizdə?

«Votsap»da Zirədəki ofsayd epizodunun fotosunu paylaşmaqla iş həll olunmur e! Hərə bir şəkil, status paylaşır, bununla missiyasını bitmiş sayır.

Bu gun-sabah quru bəyanat yayacaqlar, ondan o tərəfə getməyəcəklər. Danışmaq, ictimai diqqəti hakim böhranına çəkmək lazımdır.

Əvvəlki dövran deyil artıq. Öncələr ağlamayana pəpə yox idisə, indi ağlatmayanın üzünə də baxmırlar.

Nə qədər ki dinməyəcəksiz, «Neftçi»yə «ilişməyə» davam edəcəklər. Qorxuları yox, hürküləri yox.

Sadıq Sadıqovun zamanında hansı hakim «Neftçi»nin vayına otura bilərdi? Heç biri! Günün günorta açağı analarını ağladardı.

Bu hakimlərə sərt üz göstərməsən, çıxıb başında əyləşəcək. Çox «nazik» davranmayın.

ELNUR

Seçilən
26
sportinfo.az

1Mənbələr