Ajans.az xəbər verir ki, dövlət başçısı bu barədə sosial media platforması X-də paylaşım edərək bildirib ki, Noboanın onun ünvanına səsləndirdiyi ittihamlar əsassızdır və hüquqi müstəvidə cavablandırılacaq. Mübahisə Ekvador liderinin Petronun ötən yay narkobaron Xose Adolfo Masias Vilyamarın (ləqəbi “Fito”) ətrafı ilə əlaqə qurmaq məqsədilə Manta şəhərinə səfər etdiyi iddiasından sonra yaranıb. Qustavo Petro isə bu iddiaları qəti şəkildə rədd edərək bildirib: “Daniel Noboa özü Ekvador ordusuna Mantada mənim üçün 24/7 təhlükəsizlik təmin olunması barədə göstəriş vermişdi. Mən onun andiçmə mərasimi günü dəvət əsasında ölkəyə səfər etmişdim”. Kolumbiya prezidenti əlavə edib ki, səfər zamanı onu həm Ekvador ordusu, həm də Kolumbiyanın dövlət təhlükəsizlik qüvvələri müşayiət edib və bu şəxslər səfərin heç bir şübhəli əlaqə ilə bağlı olmadığını təsdiq edə bilərlər.
Petro həmçinin qeyd edib ki, Ekvador rəhbərliyi ilə münasibətlərdə gərginlik onun Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlasın azadlığa buraxılmasını tələb etməsindən sonra yaranıb.