"Uşaqların peyvənd edilməsi sadəcə fərdi sağlamlığının qorunması deyil, həm də gələcək nəsillərin təhlükəsizliyi üçün atılan ən mühüm addımdır".
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin epidemioloji şöbəsinin İmmunoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva deyib.
O qeyd edib ki, peyvəndlərin vacibliyini bir neçə əsas səbəblə izah etmək olar:
"Müasir tibb sayəsində biz artıq tarixdə milyonlarla uşağın ölümünə və ya şikəst qalmasına səbəb olan xəstəliklərdən qorunma gücünə malikik.
Məsələn, vaxtilə qorxulu yuxuya çevrilən uşaq iflici (poliomielit) peyvəndləmə sayəsində demək olar ki, dünyadan silinmək üzrədir. Uşaqların immun sistemi böyüklərə nisbətən daha zəif və həssas olur.
Peyvəndlər orqanizmə xəstəlik törədicisini "tanıdır" və ona qarşı müdafiə hazırlayır. Beləliklə, uşaq real virus və ya bakteriya ilə qarşılaşdıqda orqanizm artıq mübarizəyə hazır olur.
Cəmiyyətdə uşaqların böyük əksəriyyəti peyvənd olunduqda, xəstəliyin yayılma zənciri qırılır. Bu, peyvənd olunması tibbi cəhətdən mümkün olmayan (məsələn, ağır allergiyası və ya immun çatışmazlığı olan) digər uşaqları da dolayı yolla qoruyur".
Həkim vurğulayıb ki, peyvəndlə idarə olunan xəstəliklər təkcə keçici narahatlıq yaratmır, həm də qalıcı zədələr buraxa bilər:
"Belə ki, qızılca beyin iltihabına və korluğa, məxmərək doğuş qüsurlarına, epidemik parotit karlığa səbəb ola bilər. Biz bu gün uşaqları peyvənd etməklə xəstəliklərin kökünü kəsirik.