AZ

Antalya Diplomatiya Forumu: mülahizələr, müzakirələr, nəticələr

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

"Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək". V Antalya Forumunun mövzusu belə idi. Bu, 2021-ci ildə yaradılmış qlobal diplomatiya platforması bu dəfə iki əsas məsələnin müzakirəsinə köklənmişdi: gələcəyi düzgün planlamaq və qeyri-müəyyənlikləri çözmək.

Bu forum elə-belə adi toplantı deyil. 150-dən çox ölkədən yüzlərlə iştirakçı vardı bu dəfə. Foruma 22 dövlət və hökumət başçısı, 14 vitse-prezident və baş nazirin müavini, 39 ölkənin xarici işlər naziri, eləcə də, çoxlu keçmiş və fəaliyyətdə olan diplomatlar, ekspertlər, nəhəng jurnalistlər ordusu gəlmişdi.

Azərbaycandan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu Forumda iştirak ediblər.

Doğrudur, biz bu forumu uzaqdan izləməli olduq; Foruma dəvət olunsaydıq, daha dərin təhlil imkanımız olardı. Hər necə də olsa, siyasi analitika, siyasi publisustika sahəsində 40 ilə yaxındır çalışmışıq. Ancaq bu cür mötəbər tədbirlərdə iştirak və daha geniş, əhatəli yazmaq imkanı əldə edə bilmirik. Buna görə də açıq qaynaqlarda yayılmış xəbərlər əsasında şərh edə bilərik.

Beləliklə, uzaqdan izlədiyimiz qədər, bu Forumda mərkəzi mövzular Yaxın Şərqdəki müharibələr, Rusiya-Ukrayna savaşı və Avropada və Avrasiyada təhlükəsizlik, regional gərginliklər (o cümlədən, Cənubi Qafqaz).

Forumun tərkibi, müzakirələrin gedişi və yekunları belə deməyə əsas verir:

Türkiyə prezidentinin himayəsi altında və Türkiyə Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə keçirilən Forumda, demək olar, bütün regionlar təmsil olunurdu;Türkiyənin özü ilə yanaşı Azərbaycanın və Pakistanın Forumda xüsusi çəkisi hiss olunurdu;Yaxın Şərqdə, xüsusilə, İrana qarşı müharibə kontekstində Azərbaycanın, Türkiyənin, Pakistanın rolu və əhəmiyyəti qabarıq görsəndi. Bu üçlüdən heç birini ABŞ-İsrail tandeminin İrana qarşı müharibəsinə qoşmaq mümkün olmadı;Bu hadisələr fonunda Azərbaycanın və Türkiyənin yaxın dostu və müttəfiqi Pakistanın ABŞ-İran sülh danışıqlarına ev sahibliyi etməsi, aktiv diplomatiya ilə tərəfləri bir masa arxsasına oturda bilməsi, əslində Azərbaycan-Türkiyə- Pakistan üçlü diplomatiya formatının uğurlu nəticəsidir;Bu müharibələrin aradan qaldırılması üçün diplomatik yolun ən doğru olduğu vurğulandı;Bu Forumda Cənubi Qafqaz, Azərbaycanın geosiyasi və geostrateji rolu ön planda idi. Çünki ətrafda gedən miqyaslı dağıdıcı mübaribələr nəqliyyat dəhlizlərinin təhlükəsizliyini önə çıxarıb və bu baxımdan, Orta dəhlizin əhəmiyyəti artıb;Eyni zamanda Azərbaycanla Ermənistan arasında sülhün, eləcə də, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan xətlərində sabitləşdirici diplomatiyanın əldə etdiyi və əldə edə biləcəyi nəticələr, o cümlədən, çoxtərəfli əməkdaşlıq çərçivəsində Zəngəzur dəhlizinin xüsusi zərurəti gündəmə oturdu.

Forumun yekunlarına dair brifinqdə Türkiyənin xarici işlər naziri Hakan Fidanın açıqlaması da bu fikirləri təsduiq edir. Hakan Fidan deyib: "Cənubi Qafqazda sülhün təmin olunması üçün çox sıx fəaliyyətlərimiz var. Orta Dəhlizinin reallaşmasında bölgəmizin rolu son dərəcə önəmlidir. Çünki Cənubi Qafqazdakı stabillik bu dəhlizin təhlükəsizliyi baxımdan vacibdir. Zəngəzur dəhlizi Türkiyə üçün çox vacib marşrutdur. Bu mövzuda Avropa İttifaqı ilə də iş görürük. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanandan sonra bütün bölgə ölkələri inkişaf edəcək. Buna çox yaxınıq".

Beləliklə, dünyanın ən önəmli diplomatiya platformalarından biri olan Antalya Forumu ayrılıqda Türkiyən, eləcə də, Azərbaycanın və Türk Dövlətləri Təşkilatının, Azərbaycana və Türkiyəyə qardaş dövlət olan Pakistanın çoxtərəfli diplomatiyadakı üstün və barışdırıcı-birləşdirici rolunun aşkar nümayişi oldu. Eyni zamanda o da məlum oldu ki, dünyanın əksər aktorları qlobal, regional, milli inkişafın yolunun müharibəlırdən deyil, dinc tərəfdaşlıqdan keçdiyinə dair fikrə həmrəy oldular. Bu fikrin formalaşmasında isə Azərbaycanın, Türkiyənin, Türk dünyasının həlledici rolu danılmazdır.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
icma.az

1Mənbələr