AZ

Alman maşınlarının SONU GÖRÜNDÜ – Artıq avtomobil yerinə silah istehsal edəcəklər

Almaniya sənayesini avtomobil sektorundan müdafiə istehsalına yönəldərək faktiki olaraq “silah zavodu”na çevrilir.

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
 

Nəşrin məlumatına görə, Almaniya hökuməti ölkəni Avropanın əsas müdafiə sənayesi istehsal bazasına çevirməyə çalışır. Bu kurs İkinci Dünya müharibəsindən bəri ən uzun iqtisadi durğunluq dövrü, Çin tərəfindən avtomobil istehsalında artan rəqabət və Alman avtomobillərinə xarici tələbin azalması fonunda həyata keçirilir.


Rəsmi statistikaya əsasən, ölkə sənayesi hər ay təxminən 15 min iş yerini itirir, o cümlədən vaxtilə dominant olan avtomobil sektorunda.

Aparıcı avtomobil istehsalçılarının maliyyə göstəriciləri də ciddi pisləşib: Mercedes-Benz şirkətinin mənfəəti 2025-ci ildə 49%, Volkswagen-də 44%, Porsche-də isə əməliyyat mənfəəti 2024-cü illə müqayisədə 98% azalıb.

Bu fonda Berlin əvvəlki sənaye modelini bərpa etmək cəhdlərindən imtina edərək müdafiə sektorunu əsas inkişaf mühərrikinə çevirir.

Schaeffler şirkətinin rəhbəri Klaus Rosenfeld bildirib ki, müəssisə artıq istehsalı diversifikasiya edərək dron mühərrikləri, zirehli texnika və aviasiya sistemləri üçün komponentlər istehsal edir. Planlara görə, müdafiə biznesinin payı gəlirlərin 10%-nə çatdırılacaq.

Eyni zamanda, Volkswagen-in 2027-ci ilə qədər İsrail şirkətləri ilə “Iron Dome” hava hücumundan müdafiə sistemi üçün komponentlərin istehsalı üzrə danışıqlar apardığı bildirilir.

Deutz AG şirkətinin baş direktoru Sebastian Şulte qeyd edib ki, biznesin sürətli transformasiyası Rusiyanın Ukraynaya müdaxiləsindan sonra başlayıb. Şirkət artıq “Patriot” sistemləri, pilotsuz uçuş aparatları və zirehli texnika üçün mühərriklər tədarük edir.
 

Ekspertlərin fikrincə, azad olan sənaye gücləri, dövlət dəstəyi və investisiya axını Almaniyaya qısa müddətdə Avropanın müdafiə sənayesində əsas oyunçulardan birinə çevrilmək imkanı verir.


Qeyd olunur ki, Avropada müdafiə texnologiyalarına yönələn vençur investisiyalarının təxminən 90%-i məhz Alman şirkətlərinə gedir.

Bizim.Media

Seçilən
13
50
bizim.media

10Mənbələr