ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Futzal yığmamız Aktaudakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama matçını keçirdi və Qazaxıstanla budəfəki dueldən də məğlub ayrıldı. Rəqibin 4 qol vurduğu qarşılaşmada bizimkilərdən Ülvi Əliyevlə Ədalət Ələkbərov fərqləndi.Bilindiyib kimi, yığma son bu ay keçirdiyi bütün yoxlama oyunlarında uduzdu. Axı Gürcüstana Tbilisidə keçirilən görüşlər 2:4 və 2:5, qazaxlarla ilk matç isə 2:9 hesabıyla başa çatmışdı. Göründüyü kimi, son toplanış onsuz da heç kimə sirr olmayan reallığı növbəti dəfə təsdiqlədi: futzalımız uçurumun kənarındadı! Yəqin ki, heç kim 4 oyun üçün qeydə alınan 22:8 top nisbətini başqa cür izah etməyə cəhd göstərməz. Necə deyərlər, kor-kor, gör-gör...Bəs, belə biabırçı durumun izahı nədi? Əvvəlcə Kukseviçin son oyunun ardından federasiyanın saytına dedikləriylə tanış olaq:
“Birinci oyundan sonra istirahət etdik və yaxşı bərpa olunduq. Üstəlik rəqibin adının gətirdiyi üstünlüyü, azarkeş amilini, zala uyğunlaşmaq baxımından yaşadığımız problemi bu dəfə kənara atdıq, psixoloji baxımdan matça tam hazır çıxdıq. Buna görə yaxşı oynadığımızı deyə bilərəm. Əslində yoldaşlıq oyunlarını güclü rəqiblərə qarşı keçirmək yaxşı oldu. Zəif rəqibləri udub bayram etməkdənsə, səhvləri, çatışmazlığı görüb, üzərində işləmək və inkişaf etmək lazımdı. Yenə deyirəm, bugünkü oyunumuz da çox çətin idi, ancaq uşaqlar bacarıqlarını göstərdilər. Sadəcə, soyuqqanlılıq çatmadı. Bəzi epizodlarda yaxşı mənada nələrsə etmək istədik, alınmadı. Belə oyunlarda uduzsaq da, meydanda gördüyümüz yaxşı işlər bizim üçün qələbəyə bərabərdi”.
Əlbəttə, belə açıqlama bizi qane edə bilməz. Odu ki, Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü Mahmud Sadıqovun da fikrinə ehtiyac duyduq:
“Burda işlərim çox olduğundan komanda ilə səfərə yollanmamışdım. Onu deyim ki, nəticələrə fikir vermirik. Kukseviç özü istəmişdi ki, rəqiblər güclü olsun, matçlar səfərdə keçirilsin. Bu barədə toplanışdan əvvəl həm mən, həm də federasiyanın prezidenti Zaur Axundov ilə danışmışdı. Güman edirəm ki, oyunların komandaya böyük faydası olacaq. Səhvlərin üzərində iş görüləcək, bir daha onlara yol verilməyəcək. Gələcəyə nikbin baxıram. Gənc komanda yaradılır. Heyətin 80 faizi təcrübəsiz futzalçılardan qurulub. İnanırıq ki, zamanla istədiyimiz nəticəyə nail olacağıq”.
Yığmanın oyunları haqda təcrübəli mütəxəssis Ağatahir Əzimovdan da açıqlama aldıq:
“Oyunların videosuna baxdım. Bilinir ki, böyük səviyyə fərqi var. Niyə də olmasın?! Bizim futzalda maliyyə yoxdu. Sponsoru olan komandalar da legionerlərə üstünlük verir. Rəqabət yalnız əcnəbi oyunçular arasındadı. Gördüm ki, Kukseviç, demək olar, bütün yerli futzalçıları yığmaya çağırıb. Başqa çarəsi yoxdu. Çünki oyunçuların sayı azdı. Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır. Təbii ki, oyunçu dərhal sahəsini dəyişir. Məncə, futzalda daha çox maliyyə olsa, minifutboldan bura axın olacaq. Çünki futzal həm UEFA, həm də FİFA tərəfindən tanınır. Sadəcə, burda pul yoxdu. Nəticədə yaxşı futzalçıları da itiririk, komanda formalaşdırmaq mümkün olmur. Mənə elə gəlir ki, indiki oyunçuların da ən yaxşıları müəyyən müddətdən sonra minifutbola yönələcək”.
KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.