AZ

ABŞ və İran savaşır, Çin isə qalib gəlir

İranla müharibə neft və qaz qiymətlərini sarsıdıb, ABŞ müttəfiqlərini isə Pekinə daha da yaxınlaşdırıb.

Musavat.com xəbər verir ki, Politico saytının geniş təhlilinə görə, İran ətrafında yaranmış müharibə və enerji böhranı qlobal iqtisadiyyatda gözlənilməz nəticə doğurub: Vaşinqton hərbi və geosiyasi qarşıdurma ilə məşğul olduğu bir vaxtda, Çin təmiz enerji texnologiyalarında dünya liderliyini daha da möhkəmləndirir.

Məqalədə vurğulanır ki, ABŞ-ın müttəfiqləri – Avropa İttifaqı, Böyük Britaniya, Cənubi Koreya, Filippin, Hindistan, Kanada və digər ölkələr – neft və qaz qiymətlərinin sıçrayışından sonra fosil yanacaqlardan asılılığı azaltmaq yollarını sürətlə axtarmağa başlayıblar. Bu ölkələr üçün əsas çıxış yolu elektrikləşmə, günəş və külək enerjisi, batareyalar, elektromobillər və nüvə enerjisi hesab olunur. Lakin həmin keçidin böyük hissəsi bir ölkədən – Çindən keçir.

Politico yazır ki, Pekin artıq təmiz enerji sektorunun böyük hissəsinə nəzarət edir. Çin dünyada istehsal olunan günəş panellərinin təxminən 80 faizini buraxır. Günəş paneli istehsalında əsas elementlər sayılan cells və wafer bazarında payı daha da yüksəkdir. Elektrik və hibrid avtomobil ixracı mart ayında rekord həddə çataraq 349 min ədəd olub ki, bu da ötən ilin eyni dövründən iki dəfə çoxdur.

Bununla yanaşı, Çin kritik xammal bazarında da dominantdır. Məqalədə qeyd olunur ki, külək turbinləri və elektromobillər üçün lazım olan nadir torpaq metalları emalının təxminən 90 faizi, həmçinin litium, kobalt və digər batareya metallarının böyük hissəsi Pekinin nəzarətindədir.

Bu səbəbdən Avropa və Asiya ölkələri çətin seçim qarşısında qalıb: ya yüksək enerji qiymətlərinə dözmək, ya da yaşıl keçid naminə Çin asılılığını qəbul etmək.

Avropa Komissiyasının sənaye üzrə komissarı Stefan Sejurne ötən ay yeni sənaye qanunu təqdim edərkən açıq sual verib:
“Əgər batareyalarımız Çində hazırlanırsa, vətəndaşlara dekarbonizasiyanın fürsət olduğunu necə izah edək?”

Onun təşəbbüsündə Aİ ölkələrinin yerli yaşıl texnologiyalara daha çox büdcə ayırması, Çin kimi dominant xarici oyunçuların investisiyalarına məhdudiyyət qoyulması nəzərdə tutulur.

Aİ uzun müddətdir ucuz Çin məhsullarının daxili sənayeni sıradan çıxarmasından ehtiyat edir. Birliyin tətbiq etdiyi karbon sərhəd vergisi də məhz Çin kimi ölkələrdən gələn ucuz və yüksək emissiyalı məhsullardan müdafiə məqsədi daşıyır.

Böyük Britaniya hökuməti isə ötən ay təhlükəsizlik səbəbilə Şotlandiyada Çin şirkətinin 2 milyard dollarlıq külək turbin zavodu tikintisini bloklayıb.

Lakin bütün bu tədbirlərə baxmayaraq, eyni ölkələr Pekinlə münasibətləri dərinləşdirməyə çalışırlar.

Almaniyanın iqtisadiyyat naziri gələn ay Çinə səfər edəcək. Ondan əvvəl Almaniya kansleri və ekologiya naziri Pekində olub, həm Çin investorlarını cəlb etməyə, həm də ölkənin təmiz texnologiya sıçrayışını öyrənməyə çalışıblar.

İspaniyanın baş naziri Pedro Sançes bu həftə son dörd ildə dördüncü dəfə Çinə gedib. Məqsəd kritik xammala çıxışı təmin etməkdir.

Son aylarda Böyük Britaniya, Kanada, Finlandiya və İrlandiya liderləri də Pekinə səfərlər edib.

Məqalədə qeyd olunur ki, bu proses təkcə Qərblə məhdudlaşmır. Hindistan biznes nümayəndə heyəti yaşıl enerji tərəfdaşlığını araşdırmaq üçün Çinə gedib. BƏƏ vəliəhdi Xalid bin Məhəmməd bin Zayed əl Nəhyan Pekinlə enerji əməkdaşlığını müzakirə edib. Kuba isə Vaşinqtonun faktiki neft blokadası fonunda Çin günəş panellərinə söykənib.

Braziliyalı diplomat və BMT iqlim konfransının keçmiş rəhbəri Andre Korrea do Lago bildirib ki, Çin asılılığı qorxusu yaşıl keçidi dayandırmamalıdır:

“Əgər iqlim böhranının təcili olduğunu qəbul ediriksə, mövcud reallıqlarla işləməliyik – kim istehsal edir, kim texnologiyaya sahibdir – bunları nəzərə almalıyıq.”

Politico yazır ki, İran müharibəsi bir çox ölkəyə acı həqiqəti xatırladıb: iqtisadiyyat fosil yanacaq üzərində qurulduqca, həmin dövlətlər nəzarət edə bilmədikləri qlobal böhranların girovuna çevriləcəklər.

Filippin və Banqladeşdə yanacaq qıtlığı nəticəsində 4 günlük iş həftəsi, avtomobil istifadəsinə məhdudiyyətlər kimi tədbirlər görülüb. Hindistan sənaye üçün qaz istifadəsini məhdudlaşdırıb. Kamboca yaşıl mallara idxal rüsumlarını azaldıb.

Yazıda Avropa Komissiyasının sədri Ursula fon der Leyen 13 aprel tarixindəki bu cümləsinə diqqət çəkilib:

“Münaqişənin başladığı 44 gündə fosil yanacaq idxal hesabımız 22 milyard avrodan çox artıb. Avropanın elektrikləşdirilməsi Avropanı daha müstəqil etmək deməkdir.”

Lakin burada başqa risk də var. Çin keçən il ABŞ tariflərinə cavab olaraq bir sıra nadir torpaq metalları üzrə ixrac məhdudiyyətləri tətbiq etmişdi. Bu addım qlobal tədarük zəncirlərinə təhlükə yaratmışdı.

ABŞ-da isə Çin istehsalı günəş avadanlıqlarında izah olunmayan kommunikasiya cihazlarının tapıldığı bildirilmişdi ki, bu da kibertəhlükəsizlik narahatlıqlarını artırıb.

Bu səbəbdən ABŞ, Aİ və bir sıra Asiya ölkələri Çin elektromobillərinə və poladına tariflər tətbiq edib. ABŞ-da Çin elektromobillərinə rüsum 100 faizdir.

Aİ artıq 2030-cu ilə qədər yaşıl mallara tələbatın müəyyən hissəsinin daxildə istehsal edilməsini tələb edir. Sejurnenin yeni qanunu isə təmiz texnologiyalarda dünya istehsalının 40 faizindən çoxuna sahib ölkələrdən gələn investisiyalara limit nəzərdə tutur.

Lakin ekspertlər xəbərdarlıq edir ki, bu siyasətin də qiyməti var.

“Əgər daxili istehsala həddindən artıq üstünlük versəniz, bu dekarbonizasiya sürətinin hesabına baş verə bilər. Bizə indi ucuz texnologiyalar lazımdır”,-deyə Bruegel mərkəzinin eksperti Simone Talyapietra qeyd edib.

Bir çox ölkə artıq Çinlə praqmatik sövdələşmələr edir.

Pakistan ucuz Çin günəş panelləri hesabına enerji böhranının zərbəsini yumşaldıb.

İspaniya enerji sektoruna böyük Çin investisiyaları cəlb edib.

Kanada isə Çin elektromobillərinə tətbiq etdiyi 100 faizlik rüsumu yumşaldıb və qarşılığında Çin tərəfindən milyardlarla dollarlıq kənd təsərrüfatı məhsullarına qoyulan tariflərin ləğvinə nail olub.

“Bu Kanada üçün çox yaxşı sövdələşmə idi. Bazarımızda əlçatan qiymətə elektromobillər yaratdı”, Kanadanın energetika naziri Tim Hocdson Politico-ya deyib.

Politico yazır ki, Avropada Tramp administrasiyasına münasibət də dəyişir. Bir çox çevrələr artıq Trampın ABŞ-ını Pekindən daha təhlükəli və qeyri-sabit tərəfdaş kimi görür.

Demokrat senator Brayan Şats bunu bir cümlə ilə yekunlaşdırıb:“Amerika İranla döyüşür, Çin isə qalib gəlir.”

Avropa Komissiyasının yaşıl keçid üzrə vitse-prezidenti Teresa Ribera isə bildirib ki, fosil yanacaqdan çıxış Avropanı Çinə məcbur etməməlidir:

“Biz təmiz texnologiya istehsal edə, alternativlər tapa və dünyadakı digər tərəfdaşlarla balans yarada bilərik.”

Lakin Belçikanın baş naziri Bart de Vever daha sərt mövqe sərgiləyərək xəbərdarlıq edib ki, Çin dövlət dəstəyi ilə Avropa sənayesini dağıdır və xüsusilə polad, kimya, elektromobil və təmiz texnologiya sektorlarını təhdid edir.

Məqalənin yekun qənaəti belədir: dünyanın bir çox ölkəsi Çindən asılı qalmaq istəmir, lakin sürətli enerji keçidi üçün hələlik real alternativ də görmür. ABŞ geosiyasi savaşlara fokuslandıqca, Pekin kapitalı, sürəti və texnologiyası ilə qlobal enerji yarışında önə keçir.

Musavat.com

Seçilən
33
32
musavat.com

10Mənbələr