AZ

Yeni dünya düzəni: Böranları fürsətə çevirən Bakı

 “Beynəlxalq münasibətlər sistemində qalib gələnlər təkcə resurslara malik olanlar deyil, həm də böhranları düzgün oxuyaraq onları strateji üstünlüyə çevirə bilən dövlətlərdir. Bu kontekstdə Azərbaycan son illərdə nümayiş etdirdiyi siyasətlə diqqət mərkəzinə çıxır. Xüsusilə BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası-nın 82-ci sessiyası fonunda Azərbaycanın artan nüfuzu təsadüfi deyil, düşünülmüş və çoxşaxəli strategiyanın nəticəsidir.
Qlobal qeyri-müəyyənlik, geosiyasi qarşıdurmalar və ticarət müharibələri fonunda yeni iqtisadi-coğrafi reallıqlar formalaşır. Ənənəvi marşrutların risk altında olduğu bir dövrdə alternativ nəqliyyat xətlərinə ehtiyac artır. Məhz bu mərhələdə Azərbaycan özünü sadəcə regional oyunçu kimi deyil, Avrasiya məkanında strateji “kəsişmə nöqtəsi” kimi təqdim edir”.

Bunu Ölkə.az-a açıqlamasında deputat Aydın Hüseynov deyib.

Orta Dəhliz: Azərbaycanın geoiqtisadi yüksəlişinin əsas xətti
O bildiirb ki, Orta Dəhliz son illərdə qlobal logistika xəritəsində sürətlə ön plana çıxır: “Çinlə Avropanı birləşdirən bu marşrut həm vaxt, həm də təhlükəsizlik baxımından alternativlərdən daha üstün hesab olunur. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginliklər fonunda Orta Dəhliz faktiki olaraq “təhlükəsiz arteriya” funksiyasını yerinə yetirməyə başlayıb.
Azərbaycan bu dəhlizin mərkəzində dayanaraq, nəqliyyat, logistika və rəqəmsal bağlantılar üzrə inteqrasiya proseslərini sürətləndirir. Bakı limanı, dəmir yolu şəbəkələri və region ölkələri ilə koordinasiyalı siyasət ölkəni Avrasiya ticarətinin ayrılmaz halqasına çevirir. Bu, təkcə iqtisadi dividendlər deyil, həm də siyasi təsir imkanlarının genişlənməsi deməkdir”.

Zəngəzur dəhlizi: regional layihədən qlobal bağlantıya
Deputat əlavə edib ki, Zəngəzur Dəhlizi isə Orta Dəhlizin tamamlayıcı elementi kimi çıxış edir. “Bu layihə yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün yeni iqtisadi dinamika vəd edir. Asiyanı Avropa ilə birləşdirən bu xətt, BMT ESCAP çərçivəsində prioritet hesab edilən regional bağlantı, ticarət və dayanıqlı inkişaf hədəfləri ilə üst-üstə düşür.
Zəngəzur dəhlizinin reallaşması regionda iqtisadi inteqrasiyanı sürətləndirəcək, tranzit gəlirlərini artıracaq, geosiyasi qarşılıqlı asılılığı gücləndirəcək, sülh gündəliyini iqtisadi maraqlarla möhkəmləndirəcək. Bu layihə eyni zamanda Cənubi Qafqazı qlobal ticarət sisteminə daha sıx inteqrasiya edərək regionun strateji əhəmiyyətini artırır”, - o vurğulayıb.

Enerji təhlükəsizliyi: Azərbaycanın dəyişməz üstünlüyü
Aş Hüseynov  onu da qeyd edib ki, Azərbaycanın yüksəlişi təkcə nəqliyyatla məhdudlaşmır: “Ölkə uzun illərdir ki, enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş imicini qoruyur. Avropanın enerji bazarlarında baş verən dəyişikliklər fonunda Azərbaycanın rolu daha da aktuallaşıb.
Avropa İttifaqı ilə enerji əməkdaşlığının genişlənməsi, qaz ixracının artırılması və alternativ enerji layihələrinə investisiyalar Azərbaycanın enerji diplomatiyasını yeni mərhələyə daşıyır. Xəzər hövzəsinin resurslarını dünya bazarlarına çıxaran marşrutların təhlükəsizliyi və davamlılığı da Bakının strateji çəkisini artırır.
Bununla yanaşı, yaşıl enerji gündəliyi çərçivəsində atılan addımlar, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji zonası” konsepsiyası  Azərbaycanın gələcək enerji arxitekturasında da söz sahibi olacağını göstərir.

Böhranların qalibi olan dövlət modeli
Bugünkü reallıq göstərir ki, Azərbaycan böhranların passiv müşahidəçisi deyil, onları idarə edən və istiqamətləndirən aktora çevrilib. Nəqliyyat dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyində artan rol və beynəlxalq platformalarda fəallıq ölkənin yeni dünya düzənində yerini möhkəmləndirir.

Ən vacibi isə budur ki, Azərbaycan geosiyasi riskləri fürsətə çevirərək, regional sabitliyin və qlobal əməkdaşlığın əsas dayaqlarından birinə çevrilir. Bu isə onu göstərir ki, gələcək dünya xəritəsində Azərbaycanın rolu yalnız artan xətlə inkişaf edəcək”.

 Mürtəza

Seçilən
33
50
olke.az

10Mənbələr