AZ

Yəmənin Baş naziri: Azərbaycanla əlaqələrimizin dostluq və əməkdaşlıq üzrə davam edəcəyinə inanıram

Antalya, 20 aprel, AZƏRTAC

Azərbaycanla iqtisadiyyat, ticarət, mədəniyyət kimi sahələrdə əlaqələrimizi genişləndirə bilərik. Bunun üçün, xüsusilə, mədəni əməkdaşlıq və iqtisadi-ticarət sazişlərinin artırılması vacibdir. Bu istiqamətlər bizim üçün olduqca mühümdür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yəmənin Baş naziri, xarici işlər və xaricdə yaşayan yəmənlilər naziri Şaya Mohsin Zindani ifadə edib.

Beşinci Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdüyünü xatırladan Baş nazir ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi imkanları haqqında danışdıqlarını deyib.

“Bir çox azərbaycanlı mütəxəssis uzun illər ərzində Yəməndə yaşayıb, işləyib. Həmçinin yüzlərlə yəmənli tələbə təhsil almaq üçün Azərbaycanı seçib. Hətta onların bəziləri fəaliyyətlərini Azərbaycanda davam etdiriblər.

Bu münasibətlərin gələcəkdə də qorunacağına, ölkələrimiz arasındakı əlaqələrin dostluq və əməkdaşlıq üzrə davam edəcəyinə inanıram”, - deyə Baş nazir bildirib.

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya

 

Seçilən
14
1
azertag.az

2Mənbələr