İqtisadiyyat Nazirliyində 16-19 iyun tarixlərində Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantılarına hazırlıq məqsədilə məlumat sessiyası təşkil edilib. Tədbirdə bankın üzv ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin təmsilçiləri iştirak ediblər.
Sessiyada İqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov və Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin müşaviri Sabir Rzayev toplantıların strukturu, iştirak qaydaları və qeydiyyat prosedurları barədə məlumat veriblər. Bildirilib ki, bu ilki toplantılar “Davamlı rifah üçün regional inteqrasiya” mövzusuna həsr olunub. Mövzu regional və qlobal əməkdaşlıq çağırışlarını əks etdirir və Azərbaycanın regional platformalarda oynadığı strateji rolu vurğulayır.
Qeyd edilib ki, ölkəmiz 2010-cu ildən sonra ikinci dəfə bu nüfuzlu tədbirə evsahibliyi edir. 2026-cı il İllik Toplantıları üzv ölkələr arasında yeni tərəfdaşlıq imkanlarını genişləndirmək üçün mühüm platforma olacaq. Sessiyalarla yanaşı, tədbir çərçivəsində açılış mərasimi, Müdirlər Şurasının iclasları, özəl sektor forumu, gənclər forumu və digər tədbirlər keçiriləcək.
İştirakçılar həmçinin Azərbaycanın İslam İnkişaf Bankı Qrupu ilə mövcud əməkdaşlığı və perspektiv layihələr barədə məlumatlandırılıb.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”