Bakı, 20 aprel, AZƏRTAC
Son illərdə tez-tez belə bir sual səslənir: poeziya dəyişib, yoxsa sadəcə onun qavranılması transformasiyaya uğrayıb?
Publisist-şair Kəmalə Abıyeva AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, əvvəlki nəsillərin poeziyası oxucu üçün anlaşılan idi və hər kəs orada özünə yaxın bir fikir tapa bilirdi.
“Əvvəllər dil sadə və şəffaf, forma aydın olurdu, fikir isə asanlıqla qavranılırdı. İstənilən səviyyəli oxucu şeirdə özünə aid nəsə tapa bilirdi: ya ona təsir edən bir misranı, ya da artıq yaşadığı bir hissi”, – deyə həmsöhbətimiz qeyd edib.
Onun sözlərinə görə, müasir poeziya daha mürəkkəb formalara və yeni ifadə vasitələrinə doğru inkişaf edir, müəlliflər isə dil ilə daha tez-tez eksperiment aparırlar.
“Bu gün şairlər daha çox yeni forma, yeni sözlər, yeni məna axtarırlar. Onlar tez-tez daha sərbəst şeirə müraciət edir və daha dərin, fəlsəfi yazmağa çalışırlar. Buna görə də bəzən oxucuda belə bir sual yaranır: müəllif konkret olaraq nə demək istəyib?”, – deyə K.Abıyeva əlavə edib.
Publisist izah edir ki, bu, mürəkkəblik xatirinə mürəkkəbləşmə deyil, daha çox adi mövzular haqqında danışmağın yeni üsullarının axtarışıdır. Müasir poeziya getdikcə daha çox düşünərək oxunma tələb edir və qavrayış prosesini müəlliflə oxucu arasında dialoqa çevirir.
“Qavrayış kontekstinin özü də dəyişib. Sosial şəbəkələr, sürətli kontent və qısa mətnlər dövründə poeziya yeni mövcudluq formaları qazanmağa başlayır. Bu, həm lakoniklikdə, həm də əksinə, dərinlik və çoxqatlılıqda özünü göstərə bilər.
Bununla yanaşı, forma ilə məzmun arasında balans məsələsi mühüm olaraq qalır. Hətta eksperiment şəraitində belə poeziya daxili harmoniyaya can atır; burada forma məzmunu gücləndirir, onunla ziddiyyətə girmir”, – deyə şair vurğulayıb.
Həmsöhbətimizin fikrincə, müasir poeziya həm də özünüifadə üçün yeni imkanlar açır.
“Eyni mövzular – sevgi, Vətən, insan münasibətləri müəllifin fərdi üslubu sayəsində yeni səsləniş qazanır. Onun gücü də məhz bu müxtəliflikdədir”, – deyə K.Abıyeva bildirib.
Bundan əlavə, publisistin fikrincə, bəzi hallarda məhz qadın müəlliflər emosional vəziyyətləri daha dəqiq çatdıraraq mətnləri oxucu üçün daha tanınan və yaxın edir.