ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
“Son günlər Avropa ilə bağlı yayılan iki paralel xəbər bir-birinə zidd siyasi mənzərə yaradır və bu, Azərbaycan – Avropa İttifaqı (Aİ) münasibətlərinin perspektivlərini sual altına alır”.
“AzPolitika” xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov Belçika və Niderland parlamentlərində qəbul edilmiş anti-Azərbaycan qətnamələrini şərh edərkən bildirib. Xatırladaq ki, hər iki ölkənin Bakıdakı səfirləri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq etiraz notası təqdim olunub.
Ekspert qeyd edir ki, aprelin 16-da Brüsseldə Azərbaycan və Avropa İttifaqı nümayəndələri arasında yeni əməkdaşlıq sazişi üzrə danışıqların bərpası mühüm hadisədir. Onun sözlərinə görə, müzakirə olunan sənədlər həm ümumi çərçivə sazişini, həm də ayrı-ayrı sahələri əhatə edən sektor sənədini əhatə edir. Danışıqlarda iqtisadiyyat, enerji, nəqliyyat, maliyyə və digər vacib sahələrin təmsil olunması tərəflərin geniş əməkdaşlıq gündəliyindən xəbər verir.
Lakin F.Məmmədovun fikrincə, eyni vaxtda Belçika və Niderland parlamentlərində qəbul olunan anti-Azərbaycan qətnamələri bu müsbət prosesi kölgə altına salır. O bildirir ki, bu səbəbdən həmin ölkələrin səfirlərinin Azərbaycan XİN-ə çağırılması tam əsaslı addımdır.
Politoloq vurğulayır ki, hər nə qədər səfirlər parlament qərarlarının hökumətdən asılı olmadığını desələr də, Avropa ölkələrində hökumətlər məhz parlament çoxluğu əsasında formalaşır. Bu baxımdan, o hesab edir ki, həmin ölkələrin hökumətləri öz parlamentlərində qəbul edilən qərarlara münasibət bildirməli və rəsmi mövqe ortaya qoymalıdır.
Fərhad Məmmədovun sözlərinə görə, məhz bu ziddiyyətli fon Azərbaycan-Aİ danışıqlarının uğurla nəticələnəcəyinə dair ciddi şübhələr yaradır. O düşünür ki, Avropa institutlarında və ayrı-ayrı ölkələrin siyasi dairələrində “anti-Azərbaycan mövqeli qrupların” təsiri kifayət qədər güclüdür.
Ekspert əlavə edir ki, belə qətnamələr gələcəkdə də problemlər yarada bilər. Onun fikrincə, hətta Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalansa belə, Avropa İttifaqı birtərəfli qaydada Qarabağı tərk ermiş ermənilərlə bağlı məsələni gündəmə gətirərək prosesə mənfi təsir göstərə bilər.
Politoloq diqqətə çatdırır ki, hazırda Bakı ilə İrəvan arasında razılaşdırılmış sülh çərçivəsində qaçqınların geri qayıdışı məsələsi gündəmdə deyil. Bu mövzunun əsasən European Parliament, Ermənistandakı bəzi müxalif qüvvələr və Vladimir Putin tərəfindən qaldırıldığını bildirir.
Sonda Məmmədov qeyd edir ki, Avropalı siyasətçilərin yanaşması selektiv xarakter daşıyır və bu, Azərbaycan üçün qəbuledilməzdir. Onun fikrincə, humanitar məsələlər kompleks şəkildə, o cümlədən Qərbi azərbaycanlıların geri qayıdış hüquqları kontekstində qiymətləndirilməlidir.
Rasim Əliyev
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.