Türkdilli dövlətlər arasında əməkdaşlığın artırılması vacib və labuddür.
Hafta.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binali Yıldırım qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə Samsun şəhərində keçirdiyi görüş zamanı deyib.
Türk coğrafiyasının hər növ resursa sahib olduğunu vurğulayan B.Yıldırım bildirib ki, TDT-nin güclənməsi təşkilata üzv olan hər bir dövlətin regional və qlobal məsələlərdə daha çox söz sahibi olması deməkdir.
Onun sözlərinə görə, hazırda Türk dövlətlərinin ümumi xarici ticarət həcmi 1,1 trilyon dollar olsa da, bu məbləğin yalnız 60 milyard dolları, yəni 6 faizdən bir qədər çoxu, TDT ölkələri arasında olan məhsul və xidmət alqı-satqısını əhatə edir:
“Türk dövlətləri bir-birini inkişaf etdirməli və zənginləşdirməlidir. Ancaq təəssüf ki, kənar ölkələr bu sərvətdən daha böyük pay əldə edirlər. Türkiyənin məqsədi Türk dünyasında inkişaf və rifaha təkan verməkdir. Biz bu məqsəd istiqamətində çalışırıq. Bu proses sürətlənir”.