AZ

ABŞ-İran savaşı TRIPP-ə 2 ağır problem yaradıb...



"Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) artıq icra mərhələsinə daxil olub. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan açıqlayıb. Layihə Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvan eksklavı ilə birləşdirəcək, eyni zamanda marşrut həm də Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizin mühüm hissəsinə çevriləcək. TRIPP Ermənistan-Azərbaycan münaqişəsindən sonra mümkün dönüş nöqtəsi sayılır.

Ancaq layihənin reallaşması yolunda əngəllər çıxa, ABŞ və İsrailin İranla davam edən müharibəsi Vaşinqtonun bu layihəni gerçəkləşdirmə imkanlarını zəiflədə bilər. "Carnegie Europe" təşkilatından Tomas de Vaaldeyir ki, münaqişə davam etdiyi müddətdə ABŞ personalının tədqiqat, təhlükəsizlik və ya nəzarət məqsədilə İran sərhədinə yaxın ərazilərdə yerləşdirilməsi çətin olacaq. Bu isə layihənin praktik mərhələyə nə qədər tez keçə biləcəyi ilə bağlı ciddi suallar yaradır.Təhlilçinin fikrincə, ilk mərhələdə TRIPP ətrafında müsbət dinamika var idi, amerikalılar layihəni fəal şəkildə irəli aparırdılar. Vitse-prezident Ceyms Di Vensin regiona səfəri iki ölkə ilə ikitərəfli münasibətləri gücləndirdi. Məqsəd dəmir yolunu Trampın ikinci prezidentlik müddətinin sonuna - 2028-ci ilə qədər əsasən başa çatdırmaqdır: "Təəssüf ki, İran müharibəsi prosesi iki səbəbdən çətinləşdirir. Birincisi, İranla münaqişə getdiyi müddətdə amerikalıların tədqiqat və ya nəzarət məqsədilə sərhədə yaxın ərazilərdə işləməsi çox təhlükəlidir. İkincisi, TRIPP üçün özəl maliyyə cəlb etmək istəyirlər. ABŞ ilkin olaraq təxminən 400 milyon dollar ayırıb, amma daha böyük həcmdə işlər üçün özəl investisiya lazımdır. İranla sərhədə çox yaxın bir layihəyə investor cəlb etmək isə daha çətin olacaq. Beləliklə, çox şey İranla münaqişənin gedişatından asılıdır. Münaqişə nə qədər uzansa, alternativ marşrut ideyaları bir o qədər aktivləşə bilər. Ötən həftə Bakı ilə Moskva arasında müəyyən yaxınlaşmanın başlamasını təsadüfi saymıram. Gürcüstan hələ də əsas tranzit marşrut olaraq qalır". "İran daha əvvəldən TRIPP-ə qarşı çıxıb. Tehran bu layihəni əngəlləmək üçün nə edə bilər? Davam edən müharibə onun təsir imkanlarını dəyişibmi?" Bu suala cavabında təhlilçi Naxçıvan hava limanı yaxınlığına düşən bir neçə dronun yaratdığı reaksiyanı xatırladır: "Sadəcə bir-iki dron belə təhlükə hissi yaradır və bu artıq problemlərə səbəb olur". Onun sözlərinə görə, İranda müxtəlif ssenarilər mümkündür: "ABŞ ilə münaqişə davam edə, sərt xətt tərəfdarları hakimiyyətdə qala, yaxud daxili qeyri-sabitlik və iğtişaşlar baş verə bilər. Bu ssenarilərin hamısı TRIPP ilə bağlı narahatlıqları artıracaq".

Rusiyanın TRIPP-ə münasibətinə toxunan Tomas de Vaal "Radio Free europe"ə açıqlamasında deyir ki, Moskva hər məqamı diqqətlə izləyir və maksimum fayda götürməyə çalışır: "Əgər TRIPP reallaşsa, Rusiya bundan faydalanmaq, hətta amerikalılarla əməkdaşlıq etmək istəyəcək. Əminəm ki, bu mövzuda müzakirələr artıq aparılıb. Əgər problemlər yaranarsa, Rusiya deyə bilər: "Bizə arxalana bilərsiniz, İranla daha yaxşı münasibətlərimiz var". Yəni, Rusiya bütün mümkün variantları nəzərdən keçirir". Bəs, İran müharibəsi ABŞ-ındiqqətini TRIPP-dən yayındırırmı? Təhlilçi bunun belə olmadığını, marşrutun Tramp administrasiyası və şəxsən prezident Donald Tramp üçün çox önəmli olduğunu qeyd edir: "Layihə onun adını daşıyır, bu, böyük prestij məsələsidir. Yəni, Vaşinqtonun layihəni reallaşdırmaq üçün güclü motivasiyası var. TRIPP-in maliyyə çatışmazlığı ilə üzləşmə riskinə gəlincə, Tomas de Vaal bildirir ki, Sünikdən Naxçıvana qədər cəmi 42 kilometrlik dəmir yolu üçün maliyyəni müxtəlif mənbələrdən tapmaq mümkündür. Bu, Azərbaycan və Türkiyə kimi regional oyunçular, Körfəz ölkələri, ABŞ, Avropa İttifaqı və beynəlxalq maliyyə qurumları ola bilər: "TRIPP-dən kənar layihələr daha problemlidir. Məsələn, Qars-Dilucu dəmir yolu təxminən 2.5 milyard dollara başa gələ bilər. Dağlıq relyef və tunellər bu məbləği artıra bilər. Amma TRIPP üçün maliyyənin tapılacağına əminəm".

Tahir TAĞIYEV

Seçilən
27
baki-xeber.com

1Mənbələr