AZ

Avropanın iki ölkəsində ikili standart parlamenti

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu il aprelin 16-da Niderland və Belçika parlamentlərində Azərbaycana qarşı qəbul edilən qətnamələr nə siyasi məntiqə, nə də Avropa İttifaqının strateji maraqlarına uyğun gəlir.

Bu addımlar regionda formalaşan sülh gündəliyinə qarşı açıq şəkildə yönəlmiş destruktiv mövqedir.

Xüsusilə diqqət çəkən məqam odur ki, hər iki ölkənin parlamenti eyni gündə, eyni məzmunlu sənədləri müzakirəyə çıxarıb, qəbul edir. Bu isə həmin qərarların spontan deyil, koordinasiyalı və sifarişli xarakter daşıdığını deməyə əsas verir. Açıq demək lazımdır: bu, müstəqil mövqe deyil, siyasi manipulyasiyanın nəticəsidir.

Daha bir məqam isə ondan ibarətdir ki, tarixləri neokolonial siyasətlə ləkələnmiş bəzi ölkələrin nümayəndələri bu gün Azərbaycana qarşı “ədalət” və “hüquq” ritorikası ilə çıxış etməyə çalışırlar. Bu isə nə inandırıcıdır, nə də qəbulolunandır. Öz tarixində ciddi hüquq pozuntularına yol vermiş dairələrin bu gün başqa dövlətlərin daxili işlərinə qarışması açıq şəkildə beynəlxalq hüququn prinsiplərinin pozulmasıdır.

Xüsusilə qəbuledilməz haldır ki, insanlığa qarşı ağır cinayətlər törətmiş şəxsləri bəzi dairələr “əsir” kimi təqdim edir. Bu cür yanaşma faktların təhrif olunması ilə yanaşı, cinayətkarların dolayısı ilə müdafiə edilməsi deməkdir və son dərəcə təhlükəli presedent yaradır.

Eyni zamanda ciddi suallar doğurur: niyə könüllü şəkildə Azərbaycan ərazilərini tərk etmiş şəxslərin hüquqları bu qədər “həssaslıqla” qabardılır, amma 1980-ci illərin sonlarında zorla deportasiyaya məruz qalmış yüz minlərlə azərbaycanlının hüquqlarının pozulmasına göz yumulur. Bu açıq-aşkar ikili standartların, selektiv yanaşmanın və siyasi qərəzin göstəricisidir.

Bu cür yanaşmalar nə regionda sülhə xidmət edir, nə də beynəlxalq münasibətlərdə etimadı gücləndirir. Əksinə, onlar gərginliyi artırır və real sülh prosesinə mane olur. Azərbaycan isə öz mövqeyində qətidir – biz sülhün, sabitliyin və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın tərəfdarıyıq.

Beynəlxalq tərəfdaşlarımızdan da gözləntimiz odur ki, onlar reallıqları obyektiv qiymətləndirsin, regionda formalaşan yeni geosiyasi və iqtisadi nizamı düzgün dəyərləndirsin; qərəzli, sifarişli yanaşmalardan imtina etsinlər.

Azər Badamov

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
icma.az

1Mənbələr