Kiyev, 21 aprel, AZƏRTAC
Bu gün Ukraynada 200 güclü müdafiə sənayesi şirkəti var ki, onlardan 30-u dünyanın ən yaxşıları arasındadır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Edinye Novosti” telemarafonuna müsahibəsində bildirib.
O əlavə edib: “Bu gün Ukraynada 200 çox güclü müdafiə sənayesi şirkəti var və onlardan 30-u dünyanın ən yaxşıları arasındadır. Dronlar, artilleriya, zirehli maşınlar, bomba zərərsizləşdiricisi dronlar və yerüstü robot sistemləri mövcuddur”.
Zelenski vurğulayıb ki, məqsədi Ukraynanın nüfuzuna xələl gəlməsinə imkan verməməkdir.
“G2G (hökumətlərarası) təhlükəsizlik tərəfdaşlığından danışarkən, bu, ilk çərçivə müqaviləsidir və sonra şirkətlər buna əsasən ölkəyə daxil olur və danışıqlar aparır. Əgər mən bir milyard dollarlıq razılığa gəlsəm, onda bir milyard dollardan da vergi alacağıq. Müştəri və özəl sektor şirkətləri seçir. Qoy rəqabət aparsınlar: rəqabət normaldır”, - deyə dövlət başçısı qeyd edib. Prezident vurğulayıb ki, Ukraynanın gələcək iqtisadiyyatı təkcə kənd təsərrüfatından ibarət olmamalı, daha geniş sahələri əhatə etməlidir.
O deyib: “Biz güclü müdafiə sənayesi qurmuşuq. “Ukraynada istehsal olunub” brendi bu gün çox dəyərlidir. Özəl sektor nümayəndələri ilə söhbətlərimdə daim vurğulayıram: bu məhsulun dəyəri təkcə pul və texnologiya deyil, həm də avadanlıqlarımızdan istifadə edən insanların həyatıdır”.