AZ

Venesiya şəhərinin subasma təhlükəsi ilə bağlı başqa yerə köçürülməsi nəzərdən keçirilir

Bakı, 21 aprel, AZƏRTAC

Venesiyada subasmadan mövcud mühafizə strukturları şəhəri yalnız məhdud müddətə dəniz səviyyəsinin qalxmasından qoruya biləcək və uzunmüddətli perspektivdə hakimiyyət orqanları şəhərin qismən daxili ərazilərə köçürülməsi də daxil olmaqla daha radikal tədbirləri nəzərdən keçirməli ola bilər.

AZƏRTAC “Earth” elmi jurnalına istinadla xəbər verir ki, bu, Venesiya laqununun maneə sisteminin uzunmüddətli dəniz səviyyəsinin qalxmasına qarşı dayanıqlığını təhlil edən Salento Universitetinin professoru Piero Lionellonun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən əldə edilən nəticədir.

Hazırda şəhərin ilk müdafiə xətti laqunun üç buxtasında olan hərəkətli maneələrdir. Alimlər hesablayırlar ki, əlavə tədbirlər görülsə belə, onlar yalnız dəniz səviyyəsi təxminən 1,2 metr qalxana qədər təsirli olacaq. Bundan sonra Venesiya yeni uyğunlaşma strategiyasına keçməlidir.

Tədqiqat dörd mümkün ssenarini müəyyən edir: mövcud sistemin daha da təkmilləşdirilməsi, tarixi mərkəzin ətrafında dairəvi bəndlərin tikintisi, tamamilə qapalı laqunun yaradılması və ya ən dəyərli yerlərin köçürülməsi ilə ərazinin bir hissəsinin tədricən tərk edilməsi.

Suyun səviyyəsi təxminən 0,5 metr qalxarsa, dairəvi bəndlərin tikintisi zəruri ola bilər. Bu seçim tarixi mərkəzi və yaxınlıqdakı adaları qoruyacaq, lakin nasos sistemlərinin quraşdırılmasını tələb edəcək, habelə şəhərin nəqliyyat və turizm infrastrukturunu əhəmiyyətli dərəcədə dəyişdirəcək. Layihənin dəyəri 540 milyon dollar ilə 4,9 milyard dollar arasında qiymətləndirilir.

Daha radikal ssenari isə daimi bəndlər və xarici qoruyucu strukturları olan qapalı laqunun yaradılmasıdır. Bu, şəhəri əhəmiyyətli dərəcədə yüksək su səviyyəsindən də qoruyacaq, lakin mövcud laqun ekosistemini faktiki olaraq məhv edəcək. Belə bir layihənin dəyəri 32 milyard dolları keçə bilər.

Dəniz səviyyəsinin kəskin şəkildə - 4,5 metrdən çox qalxacağı təqdirdə alimlər Venesiyanın qismən daxili ərazilərə köçürülməsinin mümkünlüyünü düşünürlər. Bu, abidələrin köçürülməsini və tarixi şəhər mühitinin bəzi hissələrindən imtina etməyi əhatə edəcək. Bu ssenarinin təxminən 108 milyard dollara başa gələcəyi təxmin edilir.

Şərqi İngiltərə Universitetinin professoru Robert Nikolsun sözlərinə görə, mədəni irsin, mənzillərin, iş yerlərinin və ekosistemin qorunması labüd olaraq ziddiyyət təşkil etdiyindən, Venesiya üçün optimal uyğunlaşma strategiyası yoxdur.

Tədqiqatçılar vurğulayırlar ki, problem yalnız Venesiyaya deyil, həm də dünyanın bütün alçaq sahil şəhərlərinə aiddir və onlar indidən dəniz səviyyəsinin uzunmüddətli qalxmasına hazır olmalıdır.

Seçilən
12
1
azertag.az

2Mənbələr