AZ

Çindaonun beynəlxalq dostluq xiyabanında Gəncə şəhəri adından ağac əkilib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Çindao, 21 aprel, AZƏRTAC

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasının Çindao şəhərinə səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti aprelin 21-də şəhərin Fuşan parkında yerləşən beynəlxalq dostluq xiyabanında olub. Burada Gəncə şəhəri adından ağac əkilib.

Parkın inzibati heyəti ilə görüşdə Çindao şəhərində yaşıllaşdırma və meşə təsərrüfatı sahəsində görülən işlər və əldə olunan uğurlar barədə məlumat verilib. Bildirilib ki, bu xiyabanda əsasən qardaşlaşmış və əməkdaşlıq edən şəhərlərin adından rəmzi olaraq ağaclar əkilir. Bu təşəbbüs şəhərlərarası dostluq münasibətlərinin möhkəmləndirilməsi və ekoloji layihələrin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Niyazi Bayramov bildirib ki, Gəncə şəhəri geniş yaşıllıq zolaqlarına, müasir park və istirahət məkanlarına malikdir. Şəhərdə təxminən 450 hektar ərazini əhatə edən Heydər Əliyev Park-Xiyaban Kompleksi, eləcə də Ekoloji Park Kompleksi, Xan bağı və digər istirahət və mədəni məkanlar mövcuddur. Bu ərazilər həm sakinlərin asudə vaxtının səmərəli təşkili, həm də şəhərin ekoloji mühitinin yaxşılaşdırılması baxımından mühüm rol oynayır.

Eyni zamanda vurğulanıb ki, Gəncədə aparılan yaşıllaşdırma və abadlıq işləri şəhərin ümumi simasını daha da gözəlləşdirir və turizm potensialının artırılmasına ciddi töhfə verir.

Nümayəndə heyəti Çindaoda fəaliyyət göstərən bərk məişət tullantılarının emalı müəssisəsinə də baş çəkib. Burada müasir texnologiyalar əsasında qurulan müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Görüş zamanı keçirilən müzakirələrdə təcrübə və məlumat mübadiləsinin əhəmiyyəti vurğulanıb, gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, nümayəndə heyətinə Milli Məclisin deputatı, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev, eləcə də Azərbaycanın Çindəki səfirliyinin əməkdaşları daxildir.

Xatırladaq ki, Gəncə ilə Çindao şəhərləri arasında dostluq və əməkdaşlıq haqqında saziş 2023-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatının Çindaoda təşkil etdiyi “Xalq diplomatiyası və qardaşlaşmış şəhərlər” forumu çərçivəsində imzalanıb. Bu səfər qardaşlaşmış şəhərlər münasibətlərinin qurulmasından sonra həyata keçirilən ilk rəsmi səfərdir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Çindao

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
azertag.az

4Mənbələr