AZ

UFC turnirləri Bakıda keçiriləcək - Nazir müqavilə imzaladı

UFC (Mütləq Döyüş Çempionatı) Azərbaycan Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə çoxillik əməkdaşlıq müqaviləsi imzalayıb.

Qaziler.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Müqaviləyə əsasən, 2028-ci ilədək Bakıda hər il "UFC Fight Night" tədbirlərinin keçirilməsi planlaşdırılır.

Bu çərçivədə ilk tədbir iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Bildirilib ki, ötən ilin iyununda Bakı Kristal Zalında keçirilən UFC-nin debüt tədbiri 14 mindən çox tamaşaçını bir araya gətirib:

"Biletlərin tam satılması regionda MMA-ya böyük marağın göstəricisi olub. Las-Veqasda keçirilən görüşdə UFC prezidenti və baş icraçı direktoru Dana Uayt ilə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov bu uğurun davamı və tərəfdaşlığın gələcək inkişaf imkanlarını müzakirə ediblər".

UFC rəhbərinin sözlərinə görə, Bakı ziyarət etmək üçün dünyanın ən yaxşı şəhərlərindən biridir:

"Şəhər olduqca gözəldir, burada yaşayan insanlar son dərəcə mehribandır. Ötən il ora səfər edəndə heyran qaldım. Qonaqpərvərlik ən yüksək səviyyədə idi. Azarkeşlər idmana inanılmaz həvəs göstərir, eyni zamanda kifayət qədər məlumatlı idilər. İnsanlar dünyanın hər yerindən gəlib bunu mütləq özləri yaşamalıdırlar".

Fərid Qayıbov UFC ilə çoxillik tərəfdaşlığın əldə olunmasını Azərbaycanın qlobal idman məkanı kimi mövqeyini möhkəmləndirmək baxımından mühüm mərhələ olduğunu vurğulayıb:

"İlk Avropa Oyunları və "Formula 1" kimi nüfuzlu tədbirlərə ev sahibliyi təcrübəsinə əsaslanan bu əməkdaşlıq qarışıq döyüş sənətlərinin inkişafını sürətləndirəcək və Azərbaycanla yanaşı, region idmançıları üçün yeni imkanlar yaradacaq. UFC artıq Bakı idman təqviminin mühüm hissəsinə çevrilib və yerli döyüşçülər üçün doğma azarkeşlər qarşısında çıxış etmək imkanı yaradır. Bu tərəfdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə yüksək səviyyəli idman tədbirləri keçirmək potensialını bir daha sübut edir."

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev isə ötən il UFC-nin debüt tədbirinin uğurla və tam dolu tribunalarla baş tutmasından sonra tərəfdaşlığı genişləndirərək "Fight Night" tədbirlərinin yenidən Bakıda keçirilməsindən məmnun olduqlarını söyləyib:

"Builki tədbirə marağın daha da yüksək olacağı və şəhərə gələn ziyarətçilərin sayının artacağını gözləyirik. Əminik ki, tədbir daha genişmiqyaslı və yüksək səviyyədə keçiriləcək və iştirakçılar üçün unudulmaz təcrübə bəxş edəcək".

Seçilən
11
29
qaziler.az

10Mənbələr