AZ

Paşinyan və diaspor arasında ideoloji savaş: Sülh, yoxsa müharibə? – ÖZƏL

"Amerikadakı erməni diasporu Ermənistan dövlətinin və erməni xalqının real maraq və mənafelərindən daha çox, uydurma "erməni soyqırımı" narrativini və Azərbaycanla Türkiyəni düşmən qüvvə kimi təqdim edən saxta ideologiyanı müdafiə edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, bu baxımdan, onların istər rəsmi ABŞ siyasətinə, istərsə də Ermənistanın TRIPP (Zəngəzur dəhlizi) ilə bağlı mövqeyinə qarşı çıxış etməsi başadüşüləndir. Nəzərə alsaq ki, ABŞ Konqresinə noyabr ayında növbəti seçkilər keçiriləcək, bu prosesdə erməni milyarderlərinin maliyyə imkanlarından və erməni seçicilərin səslərindən faydalanmaq istəyən senatorlar və Nümayəndələr Palatasının üzvləri yenidən erməni dairələrinə müxtəlif vədlər verirlər. Bunun müqabilində isə həm maliyyə dəstəyi, həm də seçici səsləri əldə etməyə çalışırlar. Bu gün ABŞ Konqresində aparılan belə müzakirələrin TRIPP layihəsi ilə bağlı nə Amerika dövlət siyasətinə ciddi təsiri olacaq, nə də Ermənistanın, xüsusilə də Nikol Paşinyanın bu istiqamətdə apardığı siyasətə real zərər yetirəcək. Bu cür təşəbbüslər daha çox diasporun öz mövqeyini qoruyub saxlamasına xidmət edir.

Ekspertin sözlərinə görə, əslində burada əsas məqsəd Ermənistan dövlətinin və erməni xalqının real maraqlarını müdafiə etmək deyil, daha çox diasporun öz merkantil maraqlarını təmin etməkdir. Digər tərəfdən, onlar yaxşı anlayırlar ki, 7 iyun seçkilərindən sonra Nikol Paşinyan daxildə həm Rusiyaya bağlı "beşinci kolon" sayılan siyasi qüvvələrə, həm də Erməni Apostol Kilsəsinə qarşı başladığı mübarizəni xaricdə - xüsusilə də aparıcı Qərb ölkələrində fəaliyyət göstərən erməni diasporuna qarşı da davam etdirəcək. Paşinyanın seçkiöncəsi müəyyənləşdirdiyi iki əsas ideoloji xətt mövcuddur: birincisi, onun və komandasının təbliğ etdiyi sülh ideologiyası, ikincisi isə müharibə ideologiyasıdır. Ermənistandakı ənənəvi müxalifət, Rusiyaya bağlı qüvvələr, Erməni Apostol Kilsəsi, xaricdəki bəzi din xadimləri və xüsusilə Qərb ölkələrində fəaliyyət göstərən erməni diasporunun əhəmiyyətli hissəsi ikinci - müharibə ideologiyasının daşıyıcıları kimi çıxış edirlər. Gözlənilir ki, Nikol Paşinyan növbəti seçkilərdə qələbə qazandıqdan sonra müharibə tərəfdarlarına qarşı mübarizəni daha da sərtləşdirəcək. O, həm ölkə daxilində, həm də xaricdə - xüsusilə aparıcı Qərb dövlətlərində sülh ideologiyasını dəstəkləyən yeni diaspora strukturlarının formalaşdırılmasına çalışacaq. Necə ki, o, ölkənin siyasi sistemində dəyişikliklər etməyə cəhd göstərir və kilsə daxilində yeni din xadimlərinin formalaşmasına yönəlmiş addımlar atır, seçkilərdən sonra Erməni Apostol Kilsəsində də sülh tərəfdarı olan şəxslərin önə çəkilməsi ehtimal olunur. Eyni yanaşmanın xaricdəki diaspor təşkilatlarına münasibətdə də tətbiq olunacağı gözlənilir. Belə ki, müharibə ideologiyasını dəstəkləyən diaspora qrupları ilə Ermənistan dövləti arasında münasibətlər daha da gərginləşə bilər, əvəzində isə sülh ideologiyasını təbliğ edən yeni diaspora təşkilatlarının yaradılması təşviq ediləcək.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr