AZ

Paşinyandan növbəti sərt addım

Ermənistan baş naziri Nikol Paşinyan Apostol Kilsəsində islahatlar, maliyyə şəffaflığı və katolikosun istefası mövzusunu yenidən gündəmə gətirib.

NOCOMMENT.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçki proqramını təqdim edərkən Erməni Apostol Kilsəsi ilə bağlı sərt bəyanatlar verib.

Paşinyan bildirib ki, Erməni Apostol Kilsəsinin islahatı zəruridir və kilsə dövlət daxilində fəaliyyət göstərdiyi üçün ümumi qanunlardan kənarda qala bilməz.

Onun sözlərinə görə, partiyanın proqramında kilsə ilə bağlı xüsusi “yol xəritəsi” nəzərdə tutulur. Bu plana mövcud katolikosun istefası, müvəqqəti rəhbərin seçilməsi, yeni nizamnamənin qəbulu, maliyyə şəffaflığı, ruhanilərin davranış qaydalarının müəyyənləşdirilməsi və yeni katolikos seçkisi daxildir.

Paşinyan vurğulayıb ki, məqsəd kilsəni siyasi proseslərdən uzaqlaşdırmaqdır.

“Kilsə dövlətdən ayrıdır, amma dövlətin xaricində ola bilməz”, – deyə Paşinyan qeyd edib.

O, son onilliklərdə kilsə rəhbərliyinin fəaliyyəti nəticəsində cəmiyyətin bir hissəsinin dini institutdan uzaqlaşdığını iddia edib. Paşinyanın fikrincə, bu vəziyyət xarici qüvvələrin kilsədən “hibrid müharibə aləti” kimi istifadə cəhdlərini asanlaşdırır.

Paşinyan xüsusilə II Qareginə qarşı sərt çıxış edib və kilsənin siyasi partiyaya çevrildiyini bildirib.

O, seçkilərdə bu məsələnin də həll olunmalı olduğunu vurğulayıb.

Baş nazir diaspor mövzusuna toxunaraq bəzi dairələrin Ermənistanın maraqlarını deyil, xarici maraqları ölkəyə daşımağa çalışdığını iddia edib.

Ən diqqətçəkən hissə isə vergi məsələsi olub. Paşinyan bildirib ki, ölkədə gəlir bəyannaməsi sistemi tətbiq olunur və bu qaydalar ruhanilərə də şamil edilməlidir.

“Erməni Apostol Kilsəsi müəyyən fəaliyyət həyata keçirir və vergi ödəməlidir”,-deyə Paşinyan qeyd edib.

Paşinyan əlavə edib ki, toplanacaq vergilər tam şəkildə yenidən kilsəyə sosial təminatlar formasında qaytarıla bilər.

Beləliklə, Ermənistan hakimiyyəti ilə Apostol Kilsəsi arasında gərginlik seçki öncəsi daha da açıq siyasi qarşıdurma mərhələsinə keçir./Musavat.com/

Seçilən
35
2
nocomment.az

10Mənbələr