ABŞ və İran arasında atəşkəsin taleyi yaxın saatlarda müəyyənləşəcək.
Musavat.com xəbər verir ki, aprelin 22-də Pakistan vaxtı ilə saat 04:50-də qüvvədə olan atəşkəs rejimi başa çatır və tərəflər arasında danışıqların taleyi həlledici mərhələyə daxil olur.
Hazırda İslamabadda keçirilməsi planlaşdırılan ABŞ–İran görüşü ətrafında qeyri-müəyyənlik davam edir. İran nümayəndə heyətinin iştirakına dair yekun qərar hələ verilməyib. Rəsmi Tehran açıq şəkildə bildirib ki, Hörmüz boğazına tətbiq olunan blokada aradan qaldırılmayınca danışıqlara qatılmayacaq.
Eyni zamanda, ABŞ daxilində də vəziyyətin gərgin olduğu müşahidə olunur. Beynəlxalq medianın – CNN və Axios-un məlumatına görə, prezident Donald Tramp vitse-prezident Cey Di Vens və hərbi rəhbərliklə təcili iclas keçirib.
Bunun fonunda, Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşneri Pakistana aparmalı olan təyyarənin səmada istiqamətini dəyişərək Vaşinqtona qayıtması diqqət çəkib.
İran Xarici İşlər Naziri Abbas Araqçi isə son açıqlamasında sərt mesaj verib. O bildirib ki, İran limanlarının mühasirəyə alınması müharibə aktıdır və Tehran belə addımlara qarşı cavab vermək imkanına malikdir.
Beynəlxalq mətbuat vəziyyəti “kritik dönüş nöqtəsi” kimi qiymətləndirir. Analitiklərə görə, qarşıdakı bir neçə saat ərzində ya danışıqlar prosesi davam edəcək, ya da region yeni eskalasiya mərhələsinə daxil olacaq.
Hazırkı mənzərə onu göstərir ki, tərəflər arasında ortaq mövqe formalaşmayıb və diplomatik kanallar son ana qədər açıq saxlanılsa da, hərbi ssenari ehtimalı ciddi şəkildə gündəmdə qalır.
Musavat.com