AZ

Rəqəmsal təxribat: Məktəblərimizdəki zarafat ın qorxulu üzü

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son günlər sosial şəbəkələrdə yayılan, 87 nömrəli məktəblə bağlı təhdid dolu paylaşımlar və nəticədə 15 yaşlı bir yeniyetmənin saxlanılması xəbəri, əslində, bir çoxumuz üçün "zəng" olmalıdır. İlk baxışda Türkiyədəki oxşar hadisələrin pis bir təqlidi kimi görünən bu vəziyyət, dərindən analiz edildikdə daha böyük bir boşluğun mənzərəsini ortaya qoyur.

Qonşu ölkədə məktəblərə qarşı edilən rəqəmsal təhdidlərin eynisini burada tətbiq etməyə çalışmaq təsadüf ola bilməz. Bu, rəqəmsal dünyanın sərhədsizliyindən doğan bir növ "təxribat idxalıdır". Yeniyetmələr internetin qaranlıq künclərində gördükləri, "viral" olan hərəkətləri kopyalayaraq diqqət çəkməyə, bəlkə də özlərini hansısa qaranlıq bir oyunun qəhrəmanı kimi hiss etməyə çalışırlar. Amma bilmirlər ki, rəqəmsal aləmdə atılan hər bir addım real həyatda ağır hüquqi nəticələrə gətirib çıxarır.

Bir şagirdin öz müəllimini təhqir etməsi və məktəbin təhlükəsizliyini sual altına qoyan paylaşımlar etməsi sadə bir intizamsızlıq deyil. Bu, həm də ailə və cəmiyyət olaraq gənclərimizlə qura bilmədiyimiz bağın qopma nöqtəsidir. Biz onlara planşetləri, telefonları verib "başını qatsın" dedikcə, onlar həmin cihazların içindəki zərərli ideologiyaların, təqlid xəstəliyinin qurbanına çevrilirlər.

Bəli, görünən odur ki, kimsə bu "trend"i bizim ölkəyə də sırımaq istəyir. Yeniyetmələrin psixologiyası ilə oynayan, onları qeyri-etik və cinayət xarakterli hərəkətlərə sövq edən bu virtual dalğa, birbaşa gələcəyimizə hədəflənib. Bir 15 yaşlı uşağın polis idarəsinə aparılması, valideynlərin dindirilməsi bu, həm həmin ailə, həm də cəmiyyətimiz üçün bir sarsıntıdır.

Təhlükəsizlik orqanlarının məsələni dərhal nəzarətə götürməsi və iddiaların əsassızlığını sübut etməsi təqdirəlayiqdir. Amma polis nəzarəti ilə yanaşı, həm də bir vicdan və valideyn nəzarətinə ehtiyacımız var. Əgər biz uşaqlarımızın virtual dünyada kimləri təqlid etdiyini, hansı səhifələrdən qidalandığını bilmiriksə, sabah hansısa "rəqəmsal virus"un onları tamamilə bizdən qoparmasına təəccüblənməməliyik.

"Bizə düşmən lazım deyil" deyirdik, amma görünür, bəzən həmin "düşmən" uşaqlarımızın əlindəki o balaca ekranların içindən bizə gülümsəyir. Biz isə hələ də bunu sadəcə "uşaq zarafatı" sanırıq.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
61
icma.az

1Mənbələr