AZ

Dövlət dəstəyi ilə reallaşan arzular - Şabranlı fotoqraf özünüməşğulluq proqramı ilə şəxsi biznesini qurub

Şabran, 22 aprel, AZƏRTAC

Azərbaycan dövlətinin sosial siyasətinin mərkəzində vətəndaş rifahı, xüsusilə də işsiz və aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi dayanır. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı vətəndaşların dövlət vəsaiti hesabına kiçik bizneslərini qurmalarına və gəlirlərini dayanıqlı şəkildə artırmalarına geniş imkanlar yaradır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şabran sakini, gənc fotoqraf Allahverdi Allahverdiyev dövlətin yaratdığı bu imkandan faydalanaraq öz fərdi fotoatelyesini qurub.

“Mən 15 ildən çoxdur fotoqrafiya ilə məşğulam. Toylar və el şənliklərində foto və videoçəkilişlər edirəm. Bu sahədə daha da inkişaf etmək və öz şəxsi studiyamı qurmaq istəyirdim. Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı haqqında məlumat aldıqdan sonra iştirak üçün müraciət etdim. Təlim kurslarını uğurla başa vurduqdan və imtahanlardan keçdikdən sonra proqramın iştirakçısı oldum. Mənə kiçik fotoatelye üçün lazım olan aktivlər təqdim edildi. İndi öz şəxsi biznesimi qurmuşam”, - deyə Allahverdi Allahverdiyev söyləyib.

Quba-Xaçmaz Regional Məşğulluq filialından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2025-ci ildə Şabran rayonu üzrə 178 nəfər işiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunub. Onlardan 111 nəfəri kənd təsərrüfatı, 67 nəfəri isə istehsal və xidmət istiqaməti üzrə proqram iştirakçısıdır. Həmçinin proqrama cəlb olunmuş şəxslərin 48 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərdir.

Özünüməşğulluq proqramına işsiz kimi qeydiyyata alınmış şəxslər, eyni zamanda, mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub, digər məşğulluğu olmayan, işaxtaran kimi qeydiyyata alınmış şəxslər cəlb edilir. Proqram çərçivəsində vətəndaşlara kənd təsərrüfatı, istehsal və xidmət istiqamətləri üzrə natura şəklində aktivlər təqdim edilir.

Müxbir - Elxan Yusifli

Seçilən
62
azertag.az

1Mənbələr