AZ

Latviyanın azərbaycanlı deputatı: Azərbaycan-Latviya əlaqələrinin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır

Bakı, 22 aprel, AZƏRTAC

Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Latviya-Azərbaycan əlaqələri olduqca isti və dostluq xarakteri daşıyır. Mən Latviya Respublikasının parlamentinin üzvü kimi bu münasibətlərin qorunması və möhkəmləndirilməsi istiqamətində daim çalışmışam, bundan sonra da çalışacağam.

Bunu AZƏRTAC-a açıqlamasında Latviya parlamentinin deputatı Amil Səlimov deyib.

İki ölkə arasındakı münasibətlər barədə danışan deputat soydaşımız bildirib ki, bu əlaqələrin qorunması və inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Latviya ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir və bir çox geosiyasi məsələlərdə bir-birini dəstəkləyirlər. Beynəlxalq siyasətdə ortaq mövqelərimizin çoxluğu münasibətlərimizi daha da gücləndirir.

“Azərbaycan və Latviyanın coğrafi baxımdan bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, onları birləşdirən ortaq tarixi təcrübə mövcuddur. Belə ki, həm Latviya, həm də Azərbaycan sovet dövründə repressiv rejimin təsirinə məruz qalıb və müstəqillik əldə edənə qədər müxtəlif çətinliklərlə üzləşib. Məsələn, Azərbaycanın ən qanlı və qürurlu tarixi 20 Yanvar faciəsidir. Belə gün Latviyada da mövcuddur və “Barikadalar Günü” kimi tarixə düşüb. Bu cür hadisələr çoxdur və bunlar xalqlarımızın oxşar sınaqlardan keçdiyini göstərir. Mən hər dəfə şahidi oluram ki, bu ortaq keçmiş xalqlarımız arasında dostluq münasibətlərimizin daha da möhkəmlənməsinə istəyi gücləndirir”, - deyə o diqqətə çatdırıb.

Amil Səlimov qeyd edib ki, ikitərəfli əməkdaşlıq üçün də geniş potensial mövcuddur. Bu əməkdaşlıq ticarət, siyasət və təhsil sahələrini əhatə edir. Hazırda Latviyada yüzlərlə azərbaycanlı tələbə təhsil alır və bu da humanitar əlaqələrin inkişafına töhfə verir. Eyni zamanda, Azərbaycanın Latviyaya verdiyi töhfələr də yüksək qiymətləndirilir.

Bundan başqa, son dövrlərdə qarşılıqlı səfərlər və parlamentlərarası əlaqələr də münasibətlərin inkişaf etdiyini göstərir. Parlamentlərarası dostluq qruplarının fəaliyyəti və yüksəksəviyyəli görüşlər, o cümlədən Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun son səfəri əməkdaşlığımızın davamlı xarakter daşıdığını sübut edir.

“Mən özüm Latviyada dünyaya gəlmişəm, böyümüşəm. Valideynlərim azərbaycanlıdır və mənim üçün Azərbaycan-Latviya münasibətlərinin müsbət inkişafı çox önəmlidir. Təbii ki, Latviyada yaşayan bütün azərbaycanlılar bu münasibətlərin inkişafında mühüm rol oynayırlar. Biz burada öz mədəniyyətimizi yüksək səviyyədə təqdim etməyə çalışırıq və Azərbaycan xalqının savadlı, bacarıqlı, potensiallı olduğunu nümayiş etdiririk. Mənim parlamentə seçilməyim də bunun bariz nümunəsidir və göstərir ki, azərbaycanlılar Latviyanın ictimai-siyasi həyatına mühüm töhfələr verə bilirlər. İnanıram ki, bu münasibətlər gələcəkdə daha da inkişaf edəcək”.

Müxbir – Ceyhun Xəlilov

Seçilən
38
2
azertag.az

3Mənbələr