AZ

Qarabağ döyüşlərinin yadda qalan komandiri: Allahverdi Bağırov

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Bu gün Azərbacanın Milli Qəhrəmanı Allahverdi Bağırovun doğum günüdür. O, Qarabağ müharibəsinin ilk illərində Ağdamda özünümüdafiə dəstələrinin formalaşdırılmasında və döyüş əməliyyatlarının təşkilində fəal iştirak edən şəxslərdən biri kimi tanınıb.1992-ci ilin yaz-yay döyüşləri zamanı Ağdam istiqamətində gedən ağır qarşıdurmalarda onun rəhbərlik etdiyi qüvvələr strateji mövqelərin qorunmasında xüsusi rol oynayıb. Xüsusilə Ağdam–Şelli və ətraf kəndlər uğrunda aparılan döyüşlərdə onun verdiyi operativ qərarlar vəziyyətin gedişinə təsir edən amillərdən biri olub.

Tarixçi Rizvan Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında Milli Qəhrəman Allahverdi Bağırovun həyat yolunun və fəaliyyətinin Azərbaycan tarixində xüsusi yer tutduğunu bildirib. Onun sözlərinə görə, Allahverdi Bağırov özünəməxsus həyat və döyüş yolu keçərək təkcə Ağdamda deyil, bütövlükdə Qarabağda və Azərbaycanda xalqın içindən çıxan hərbi-siyasi lider kimi yadda qalıb.

Tarixçi qeyd edib ki, o, hələ 1988-ci ildən başlayaraq ilk özünümüdafiə dəstələrinin yaradılmasına başlayıb, Qarabağ münaqişəsinin genişlənməsindən sonra isə Ağdam özünümüdafiə batalyonunu formalaşdıraraq ona rəhbərlik edib.

Rizvan Hüseynovun fikrincə, Allahverdi Bağırov təkcə hərbçi deyil, həm də hərtərəfli inkişaf etmiş bir şəxsiyyət idi: o, Qarabağ futbol komandasının aparıcı oyunçularından və kapitanlarından biri olub, hətta həmin dövrdə komanda SSRİ səviyyəsində müəyyən uğurlara imza atıb.

Rizvan Hüseynov vurğulayıb ki, Allahverdi Bağırovun şəxsiyyətində humanizm xüsusi yer tuturdu. Onun həm liderlik keyfiyyətləri, həm də ən çətin anlarda düzgün və qəti qərar vermək bacarığı xüsusilə Xocalı soyqırımı dövründə aydın şəkildə özünü göstərdi.

Tarixçinin sözlərinə görə, məhz onun təşkilatçılığı nəticəsində mindən çox Xocalı sakini əsirlikdən azad edilərək qaçılmaz ölümdən xilas olundu. Bu fakt Allahverdi Bağırovun yalnız döyüş meydanında deyil, eyni zamanda humanitar fəaliyyət sahəsində də mühüm rol oynadığını göstərir.

Tarixçi onu da deyib, Allahverdi Bağırov şərtsiz lider idi və həm döyüş yoldaşları üçün dayaq rolunu oynayırdı, həm də qarşı tərəf üçün ciddi faktor sayılırdı. Hətta erməni tərəfinin komandirlərindən biri olan Vitali Balasanyanın belə ondan çəkinməsi təsadüfi deyildi. Onların sovet dövründən bir-birini tanıdıqlarını xatırladan Hüseynov bildirib ki, Balasanyan sonradan Xocalı hadisələrinin iştirakçılarından biri olsa da, Allahverdi Bağırovun təsiri nəticəsində əsirlərin bir hissəsinin Azərbaycan tərəfinə təhvil verilməsi mümkün olub.

Rizvan Hüseynov hesab edir ki, əgər həmin dövrdə Allahverdi Bağırovun fəaliyyəti olmasaydı, həm Xocalıda, həm də Ağdamda vəziyyət daha ağır və faciəvi nəticələrə gətirib çıxara bilərdi.

Tarixçinin fikrincə, Allahverdi Bağırov qəhrəman kimi döyüşərək, səhra komandiri və xalq lideri kimi yaddaşlarda iz qoyub və döyüşdə şəhid olub. O, özündən sonra bir məktəb, bir nümunə qoyub.

Rizvan Hüseynov vurğulayıb ki, xüsusilə gənclər liderlik baxımından belə şəxsiyyətlərdən nümunə götürməlidirlər: xalqın içindən çıxan döyüşçü lider kimi Allahverdi Bağırov bu gün də təqdim edilə biləcək ən dəyərli nümunələrdən biridir.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
bizimyol.info

1Mənbələr