AZ

Kimlər güzəştli ipotekadan yararlana bilir?

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasına dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.Fərmana əsasən, güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin əhatə dairəsi genişləndirilir.

Bu sıraya ən azı 3 il hakimlik stajı olan Azərbaycan Respublikası məhkəmələri hakimləri də əlavə edilir.

Bəs Azərbaycanda başqa kimlər güzəştli ipotekadan yararlana bilir?

"Cebheinfo.az" xəbər verir ki, müəyyən kateqoriyalara aid olan şəxslər Azərbaycanda güzəştli ipoteka kreditindən yararlana bilir.

Bu mexanizm dövlət tərəfindən İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə həyata keçirilir. Bu sistemin əsas məqsədi ondan ibarətdir ki, mənzil almaqda çətinlik çəkən, lakin müəyyən sosial və peşə statusuna malik olan insanlar daha aşağı faizlə və uzunmüddətli şərtlərlə ev sahibi ola bilsin. 

Lakin bu imkan bütün vətəndaşlara şamil olunmur və konkret qruplarla məhdudlaşdırılır.Qanunvericiliyə əsasən, ilk növbədə sosial həssas qruplar bu proqramdan yararlana bilir. Bunlara şəhid ailələri, müharibə iştirakçıları və məcburi köçkünlər daxildir. 

Bu kateqoriyalar üçün güzəştli ipoteka yalnız iqtisadi deyil, eyni zamanda sosial ədalət aləti kimi təqdim olunur. Dövlət bu insanların yaşayış şəraitinin yaxşılaşdırılmasını əsas vəzifə kimi görür və buna görə də onlar üçün ipoteka şərtləri daha əlverişli hesab olunur.

Digər əsas istiqamət gənc ailələrdir. Rəsmi nikahda olan, müəyyən yaş həddinə uyğun gələn və ilk dəfə ev almaq istəyən şəxslər də güzəştli ipoteka hüququ əldə edə bilirlər.

Kağız üzərində bu kateqoriya geniş görünsə də, praktikada bir çox gənc ailə bu imkandan istifadə edə bilmir. Bunun əsas səbəbi onların stabil və yüksək rəsmi gəlirinin olmaması, həmçinin tələb olunan ilkin ödənişi toplamaqda çətinlik çəkmələridir.

Güzəştli ipotekadan ən çox yararlanan qrup isə dövlət sektorunda çalışan şəxslərdir. Dövlət qulluqçuları, müəllimlər, həkimlər, hərbi qulluqçular, polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları bu kateqoriyaya daxildir. 

Araşdırmalar göstərir ki, praktikada kreditlərin böyük hissəsi məhz bu sahədə çalışan insanlara verilir. Xüsusilə hərbi qulluqçuların payı daha yüksəkdir. Bunun səbəbi onların sabit maaşa malik olması və banklar üçün daha etibarlı borcalan hesab edilməsidir.

Bundan əlavə, qanunvericilikdə elmi və xüsusi peşə sahibləri də ayrıca qeyd olunur. Elmlər doktorları, fəlsəfə doktorları, elmi-tədqiqat sahəsində çalışanlar, peşəkar idmançılar və rəsmi qeydiyyatdan keçmiş jurnalistlər də güzəştli ipoteka almaq hüququna malikdir. Lakin bu qrupun sayı az olduğu üçün ümumi sistemdə payı böyük deyil.

Güzəştli ipoteka almaq hüququ olanların kateqoriyalar geniş görünsə də, amma reallıqda bu krediti ala bilənlərin sayı azdır. Çünki banklar sabit və rəsmi gəlir tələb edir, üstəlik ev almaq üçün əvvəlcədən xeyli məbləğ toplamaq lazımdır. 

Gülər Həsənli 

"Cebheinfo.az"

Açar sözlər:

ipoteka kredit

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
50
cebheinfo.az

10Mənbələr