Aprelin 21-də Bakı Metropolitenində yaranan texniki insident səbəbindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib.Bu barədə BUTA.TV-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Belə ki, agentlik tərəfindən daşıyıcılara xətlərə əlavə nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verilib. Bu çərçivədə metro xətləri üzrə fəaliyyət göstərən bütün şəhərdaxili marşrutlara əlavə avtobuslar cəlb olunub. Sərnişin axınının tənzimlənməsi məqsədilə metro üzrə daşımaları əvəz edə biləcək marşrutlar üzrə avtobusların sayı artırılır ki, bu da gözləmə intervalının azalmasına, sərnişinlərin daha rahat və vaxtında mənzil başına çatmasına imkan yaradır. Bu səbəbdən xüsusilə sərnişin sıxlığının müşahidə olunduğu metronun “Elmlər Akademiyası”, "Nizami", “28 May”, "Gənclik", “20 Yanvar”, “Nəriman Nərimanov”, “Koroğlu", “Qara Qarayev”, “Neftçilər”, “Əhmədli” stansiyaları və şəhərin digər əsas istiqamətləri üzrə marşrutlara əlavə avtobusların cəlb olunması davam etdirilir.