AZ

Neft qiymətlərinin artması sosial-iqtisadi xərclərə büdcədən daha çox vəsait ayrılması ilə nəticələnəcək – Ekspert

Bakı, 22 aprel, AZƏRTAC

Hörmüz boğazında baş verən hadisələr fonunda neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycan iqtisadiyyatı üçün müsbət amil hesab olunur. Dövlət büdcəsinin növbəti il üçün gəlir və xərcləri hər il Milli Məclisdə geniş şəkildə müzakirə olunur və əvvəlcədən proqnozlaşdırılır. Başqa sözlə desək, aşağı hədd, yuxarı hədd, həmçinin sosial-iqtisadi xərclər üçün dövlət büdcəsindən nə qədər vəsait ayrılacağı əvvəlcədən müzakirə olunaraq müəyyənləşdirilir. Enerji qiymətlərinin dünya bazarında yüksəlməsi ixracatçı ölkə olduğumuz üçün Azərbaycan iqtisadiyyatı üçün müsbət haldır. Neftdən gələn gəlirin artması, eyni zamanda xərclərin də artması deməkdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova bildirib. O qeyd edib ki, hər il dövlət büdcəsindən müxtəlif sahələrin inkişafı, restavrasiya və quruculuq işləri üçün böyük həcmdə vəsait ayrılır və gəlirlərin artması bu istiqamətlərə yönələn xərclərin də artmasına şərait yaradır.

Ekspert sosial şəbəkələrdə və mediada bu məsələ ilə bağlı bəzən yanlış məlumatların yayıldığını da diqqətə çatdırıb: “Bəzən belə dezinformasiyalar yaranır ki, neftin qiyməti yüksəldisə, benzinin, dizelin və ya kommunal xidmətlərin qiyməti mütləq qalxacaq. Bu, tamamilə yanlış fikirdir. Sadəcə neftin qiyməti yüksəldiyi və büdcəyə əlavə vəsait daxil olduğu üçün artımın faizi vətəndaşlar üçün daha aşağı ola bilər”, - deyə ekspert bildirib.

Günay Hüseynova vurğulayıb ki, neftdən əldə olunan gəlirlər hesabına xarici ölkələrdə layihələr həyata keçirilir və investisiyalar yatırılır. Bu isə mümkün iqtisadi böhran və ya neft qiymətlərində kəskin eniş zamanı ölkə iqtisadiyyatının və manatın sabitliyinin qorunmasına xidmət edir. “Milli valyutanın sabitliyinə gəldikdə, valyuta ehtiyatlarımız kifayət qədərdir və devalvasiya üçün hər hansı risk yoxdur. Yalnız neftin qiymətində kəskin eniş olarsa, bu məsələ müzakirə mövzusu ola bilər”, - deyə iqtisadçı əlavə edib.

Ekspert sosial-iqtisadi xərclər kontekstində neft gəlirlərinin əhəmiyyətini də xüsusi vurğulayıb: “Məlumdur ki, hər il doğum səviyyəsində kəskin azalma müşahidə olunur. Yaşlıların sayı artır. Dövlət büdcəsindən onların təminatı üçün ayrılan vəsait kifayət etməyə bilir. Həmçinin icbari sığorta və müəyyən dərman preparatları ilə təminat büdcə xərclərini artması və onların pensiya məbləğinin faiz etibarı ilə artmasında çətinlik yaradırdı. Neft qiymətlərinin artması sosial-iqtisadi xərclər üçün büdcədən daha çox vəsait ayrılması ilə nəticələnəcək”, - deyə ekspert bildirib.

Günay Hüseynova xatırladıb ki, Azərbaycan Respublikasının Konstitusiyasında dövlətin ali məqsədinin insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən layiqli həyat səviyyəsinin təmin olunması olduğu qeyd edilir.

Müxbir – Pərvanə Qafarova
Seçilən
52
1
azertag.az

2Mənbələr