Ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin başçılıq etdiyi nümayəndə heyəti aprelin 22-də Milli Məclisə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Xezerxeber.az-a bildirilib ki, Latviya Prezidenti əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar. Latviya Prezidenti buradakı Xatirə kitabına ürək sözlərini yazıb.
Sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.
Qonağın bu vəzifədə Azərbaycana ilk səfəri olduğunu vurğulayan Milli Məclisin sədri Sahibə Qafarova ümidvar olduğunu bildirib ki, səfər çərçivəsində keçiriləcək görüşlər və aparılacaq müzakirələr ikitərəfli əlaqələrdə yeni səhifə açacaq və onların inkişafına güclü təkan verəcək.
İkitərəfli əlaqələrin inkişafı üçün yüksəksəviyyəli qarşılıqlı səfərlərin və müntəzəm siyasi dialoqun vacibliyini qeyd edən S.Qafarova bu baxımdan ölkə başçılarının qarşılıqlı səfərlərinin və müxtəlif tədbirlərdə mütəmadi görüşlərinin qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün yaxşı imkanlar yaratdığını vurğulayıb.
İki ölkənin parlamentlərarası münasibətlərinə toxunan Milli Məclisin sədri qeyd edib ki, bu sahədə sıx əməkdaşlıq qurulub. Bu əməkdaşlıqda qarşılıqlı səfərlərin və parlament dostluq qruplarının xüsusi rolu var.
Qonağa Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, ölkəmizin müstəqillik və parlamentarizm tarixi, parlamentin strukturu və fəaliyyəti barədə ətraflı məlumat verilib.
Latviya Prezidenti Edqars Rinkeviçs səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşü və apardığı müzakirələr barədə təəssüratlarını bölüşüb. O, Azərbaycanı həm Latviya, həm də Avropa İttifaqı üçün dəyərli strateji tərəfdaş ölkə hesab etdiklərini diqqətə çatdırıb. Qonaq Azərbaycanla Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri dəstəklədiklərini, real irəliləyişin əldə olunmasından məmnun olduqlarını bildirib. Edqars Rinkeviçs, həmçinin Prezident İlham Əliyevin bu sülh prosesindəki böyük səylərini qeyd edib.
Azərbaycana bu səfəri zamanı müzakirə olunmuş məsələlərin və imzalanmış sənədlərin əhəmiyyətindən danışan Latviyanın dövlət başçısı tezliklə bu sənədlərin və əldə edilmiş razılaşmaların öz bəhrəsini verəcəyinə əminliyini ifadə edib. Latviya Prezidenti parlamentlərarası əlaqələrin mühümlüyünü vurğulayaraq, bu baxımdan parlament üzvləri, parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında mütəmadi səfərlərin və təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb. O, iki ölkə arasında iqtisadiyyat, təhsil, investisiya, informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm və digər sahələrdə münasibətlərin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.




