Kapital Bank 2025-ci ildə müştərilərinin vəsaitlərinin təhlükəsizliyini təmin etməkdə böyük uğur əldə edib. Bankın İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısı Ağarza Baxşiyev bildirib ki, ötən il bank müştərilərinin 1 milyon 2 min 873 kart əməliyyatını və 31 min 353 kart hesabını fırıldaqçılıq ehtimalı səbəbindən bloklayıb. Nəticədə, vətəndaşlardan oğurlanma riski olan 7 milyon 22 min 165 manatın qarşısı alınıb.
Ağarza Baxşiyev qeyd edib ki, rəqəmsal fırıldaqçılıq üzrə hücum cəhdləri 2024-cü illə müqayisədə artıb. Sosial mühəndislik üsulları ilə müştərilərin manipulyasiya edilməsi və vəsaitlərin mənimsənilməsi cəhdləri daha intensiv xarakter daşıyıb. Bank adından saxta reklam, elan və lotereya kampaniyaları həyata keçirdiyini iddia edən 1000-dən çox veb-sayt və sosial media səhifəsi bloklanıb.
Bundan əlavə, Kapital Bank 40 minə yaxın cihazda virus aşkarlayaraq Birbank tətbiqini bloklayıb. Bu tədbir minlərlə vətəndaşın potensial dələduzluq riskindən qorunmasına imkan yaradıb.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”