"Lockheed Martin" şirkətinin F-35 qırıcı proqramının ümumi istismar müddəti ərzində dəyərinin 2 trilyon dolları keçəcəyi gözlənilir...
Poliqon xəbər verir ki, bu barədə Business Insider yazır.
Ekspertlərin sözlərinə görə, bu nəhəng məbləğin böyük hissəsi təyyarələrin istehsalına deyil, onların sonrakı texniki xidmətinə sərf olunacaq.
ABŞ Hesablama Palatasının (GAO) 2024-cü il hesabatına əsasən, ümumi proqram xərclərinin təxminən 75%-i istismar – yəni təmir və texniki dəstəyə düşür.
"Döyüş təyyarələrini uçuşa hazır vəziyyətdə saxlamaq mahiyyət etibarilə bahalıdır və əsas amil ehtiyat hissələridir", deyə Business Insider-ə F-35 üzərində çalışmış "Lockheed Martin"in keçmiş mühəndisi Pol Sonye bildirib.
Onun sözlərinə görə, təyyarə “istismar dövrü zədələri” topladıqca detallara tələbat daha da artır.
Maraqlıdır ki, bir F-35-in qiyməti təxminən 90 milyon dollardır və bu, bəzi digər modellərdən, məsələn, F-15EX Eagle II-dən (99 milyon dollar) daha ucuzdur. Lakin proqramın ümumi miqyası (2400-dən çox təyyarə) və 2088-ci ilə qədər davam etməsi onu tarixdə ən bahalı layihəyə çevirir.
Vəziyyəti istehsalçının təmir üzərindəki monopoliyası daha da çətinləşdirir. Mövcud məlumatlara görə, "Lockheed Martin" əsas intellektual mülkiyyətə sahibdir, buna görə də hərbçilər hətta mühərrikləri təmir edə və ya proqram təminatını yeniləyə bilmirlər.
"Ordumuzun etməli olduğu son şey daha baha və daha yavaş təmir edən podratçıları gözləməkdir", deyə konqresmen Pet Rayan nəşrə bildirib.
Onun fikrincə, hərbçilər dövlətin aldığı texnikanı özləri təmir etmək hüququna malik olmalıdırlar.
"Lockheed Martin"in sözçüsü nəşrə göndərdiyi cavabda bildirib ki, şirkət xərclərin azaldılması üzərində işləyir. İstehsalçının məlumatına görə, son on ildə bir təyyarənin illik istismar xərcləri üçdəbir azalıb və şirkət donanmanın hazırlıq səviyyəsinə 2 milyard dollardan çox sərmayə yatırıb.
Bununla belə, materialda qeyd olunur ki, struktur təzyiqlər qalmaqdadır: ehtiyat hissələri yüksək əməkhaqqı olan ölkələrdə (ABŞ, Kanada, Böyük Britaniya) istehsal olunur və qanunvericilik milli təhlükəsizlik səbəbilə istehsalın daha ucuz ölkələrə köçürülməsini qadağan edir.
Poliqon.info