AZ

“70 % endirim” tələsi: Alıcılar necə aldadılır?

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Son illər Azərbaycanda xüsusilə sosial şəbəkələrdə və onlayn satış səhifələrində “möhtəşəm endirim”, “son gün kampaniyası”, “maya dəyərinə satış”, “70 faiz ucuzlaşma” kimi elanların sayı xeyli artıb.

İlk baxışda sərfəli görünən bu təkliflərin bir hissəsi əslində satış hiyləsi və psixoloji təsir üsuludur. İnsanlar endirim etdiyini düşündüyü məhsulu bəzən əvvəlkindən daha baha qiymətə alırlar.

“Cebheinfo.az”-ın araşdırmasına görə, ən çox istifadə olunan üsullardan biri məhsulun qiymətini əvvəlcə süni şəkildə artırmaq, daha sonra isə guya endirim tətbiq etməkdir. 

Məsələn, bazarda 50 manata satılan məhsul əvvəlcə 80 manat kimi göstərilir, sonra “50 faiz endirimlə 40 manat” yazılır. Alıcı isə müqayisə etmədən bunu fürsət hesab edir. Halbuki məhsulun real qiyməti ya eynidir, ya da çox cüzi fərqlənir.

Digər yayılmış üsul insanlarda tələskənlik yaratmaqdır. “Yalnız bu gün”, “son saatlar”, “stok bitmək üzrədir” kimi ifadələr alıcıda qərarı dərhal vermək hissi yaradır.

Bu zaman insan düşünmədən alış edir. Xüsusilə sosial şəbəkələrdən aktiv istifadə edənlər vizual reklamlara və sürətli kampaniyalara daha tez inanırlar.

Bəzi səhifələr isə tanınmış markaların adından istifadə edərək saxta və keyfiyyətsiz məhsulları satışa çıxarır. Məhsul təqdimatda fərqli, realda isə tamam başqa olur. Çatdırılmadan sonra geri qaytarmaq, satıcı ilə əlaqə saxlamaq və ya pulun geri alınması çox vaxt problemə çevrilir.

Bu cür halların çoxalmasının səbəblərindən biri onlayn ticarətdə nəzarətin tam formalaşmaması, alıcıların hüquqları barədə kifayət qədər məlumatlı olmaması və ucuz məhsula marağın artmasıdır. Maddi çətinlik yaşayan insanlar daha sərfəli seçim axtardığı üçün riskli kampaniyalara daha tez yönəlirlər.

Alış zamanı eyni məhsulun başqa səhifələrdə qiymətinə baxmaq, satıcı barədə rəyləri oxumaq, həddindən artıq böyük endirimlərə ehtiyatla yanaşmaq vacibdir.

Çünki real bazarda hər məhsulun dəyəri var və bəzən “möhtəşəm endirim” sadəcə yaxşı hazırlanmış tələ olur.

Qeyd edək ki, rəqəmsal dövrdə alıcı təkcə pulunu deyil, diqqətini və etibarını da qorumalıdır. Endirim hər zaman qazanc demək deyil. Bəzən ən böyük zərər ehtiyac olmayan məhsulu almaqdır.

Aişə Abdulova

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
1
cebheinfo.az

2Mənbələr