Aprelin 22-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Göyşaban və Ürgə kəndlərinin sakinləri ilə keçirib.
"Unikal" xəbər verir ki, səyyar qəbul-görüşdə icra başçısı ilə birlikdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər. Lənkəran ŞİH başçısı Taleh Qaraşov dövlət başçısının göstəriş və tövsiyələrinə uyğun olaraq yerlərdə vətəndaşların müraciətlərinə birbaşa və vasitəçi olmadan baxılması üçün səyyar görüşlərin keçirilməsinin önəmindən danışıb. İcra başçısı qeyd edib ki, vətəndaşlara xidmət və onların müraciətlərinə həssas münasibət göstərilməsi cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bütün dövlət məmurları qarşısında qoyulan əsas tələblərdəndir.
İcra başçısı bildirib ki, Göyşaban kəndinin, eləcə də rayonun ən böyük problemlərindən olan “zibil poliqonu”nun müasir dövrün tələblərinə cavab verən səviyyəyə gətirilməsi istiqamətində real addımlar atılıb və may ayında dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində Lənkəran rayonunda bərk məişət tullantılarının idarə edilməsi layihəsi üzrə tenderin keçirilməsi nəzərdə tutulur.
Göyşaban və Ürgə kənd sakinlərinin qaldırdıqları bütün müraciətlər həssaslıqla dinlənilib, yerli icra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlər yerindəcə həllini tapıb, digər məsələlər barədə aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlərin ünvanlanması üçün nəzarətə götürülüb. İcra başçısı heç bir məsələyə biganə qalınmayacağını və qaldırılan məsələlərin həlli ilə bağlı vətəndaşlara qanunamüvafiq müddətdə cavablar veriləcəyini qeyd edib.
Yerli sakinlər çıxışlarında cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildiriblər və buna görə onlara minnətdarlıqlarını ifadə ediblər.