AZ

Azərbaycan və Latviya dostluq və strateji tərəfdaşlığının yeni hədəfləri

Azərbaycan və Latviya dostluq və strateji tərəfdaşlığının yeni hədəfləriAprelin 22-də Prezident İlham Əliyev Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə geniş tərkibdə görüşdü. Bu diplomatik təmas iki dövlət arasında mövcud siyasi münasibətlərin gələcək dinamikasını müəyyənləşdirən mühüm platforma rolunu oynayır. Dövlət başçılarının danışıqları Avropa qitəsi, eləcə də Cənubi Qafqaz regionu daxilində formalaşan yeni geosiyasi proseslərin hər iki tərəfdən aydın şəkildə anlaşıldığını nümayiş etdirir. Qeyd olundu ki, mövcud beynəlxalq vəziyyət dövlətlərdən praqmatik xarici siyasət kursu, eləcə də dəqiq strateji qərarlar tələb edir.
Dövlətimizin başçısı İlham Əliyev danışıqlar zamanı Latviya Prezidentinin səfərinin ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacağına əminliyini bildirdi. Liderlər arasındakı yüksək səviyyəli siyasi əlaqələr bir daha vurğulandı. Tərəflər enerji, rəqəmsallaşma, logistika kimi məsələlərin arxasında duran siyasi iradəni yüksək qiymətləndirdilər. Qeyd edilən sahələrdəki irəliləyişlər bilavasitə siyasi strategiyanın uğuru kimi xarakterizə olunur. Əlbəttə, rəsmi Bakı Avropanın enerji təhlükəsizliyində əvəzolunmaz ölkəyə çevrilib və belə siyasi gedişlər qitənin şimal hüdudlarında yerləşən Latviyanın diqqətindən yayınmır. Azərbaycan Prezidenti nümayəndə heyətlərinin məlum vaxtdan yararlanaraq əməkdaşlığın ən mühüm sahələrini diqqət mərkəzində saxlayacaqlarını vurğulayıb.
Latviya dövlətinin başçısı Edqars Rinkeviçs çıxışında Bakıya 2017-ci ildə baş tutan səfərindən keçən 9 il ərzində şəhərin tamamilə dəyişdiyini qeyd etdi. O, paytaxtın inkişaf etdiyini söyləyərək bundan məmnunluğunu çatdırıb. Edqars Rinkeviçs Azərbaycan xalqını həm siyasi, həm də dövlət quruculuğu istiqamətində əldə edilən uğurlar münasibətilə təbrik edib. Xüsusilə uzun çəkən məsələnin - torpaqların işğaldan azad edilməsi prosesinin uğurla həll olunmasını siyasi baxımdan mühüm nailiyyət saydı.
Qeyd edilməlidir ki, Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin tarixi kökləri möhkəm zəminə əsaslanır. Baltikyanı respublika müstəqil Azərbaycanın suverenliyini 1992-ci ilin yanvar ayında rəsmən tanıyıb. İki dövlət arasında diplomatik əlaqələr 1994-cü ilin yanvar ayında qurulub. Tərəflər dərhal beynəlxalq hüququn prinsipləri əsasında qarşılıqlı hörmətə söykənən ikitərəfli əməkdaşlıq formatı formalaşdırıblar. 2005-ci ildə Azərbaycanın Latviya paytaxtında səfirliyi fəaliyyətə başlayıb. 2006-cı ildə isə Latviya Bakıda daimi nümayəndəliyini açıb.
Müasir dünyada kiçik, eyni zamanda, orta ölçülü dövlətlərin qlobal güclərin rəqabət meydanında xarici təzyiqlərdən qorunması diplomatik məharət tələb edir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu xarici siyasət doktrinası ölkəni Avrasiya məkanında həlledici səlahiyyət sahibi olan əsas dövlətə çevirib. Avropa İttifaqı rəhbərliyi ilə sıx münasibətlərin qurulması fonunda ayrı-ayrı üzv ölkələrlə ikitərəfli əlaqələrin dərinləşdirilməsi xüsusi incəliyə malik siyasi manevrdir. Latviya Respublikası Baltik regionunda strateji baxımdan çox əhəmiyyətli coğrafi mövqedə yerləşir. Rəsmi Riqa Avropa İttifaqı daxilində, əlavə olaraq NATO çərçivəsində Şərq tərəfdaşlığı proqramına daim fəal dəstək verən əsas mərkəzlərdən sayılır. Bakı və Riqa arasındakı müntəzəm dialoq bütövlükdə geniş Avropa təhlükəsizlik platformasının stabilliyini şərtləndirir. Rinkeviçsin səfəri Avropanın şərq sərhədlərində artan geosiyasi gərginlik fonunda qitənin alternativ güvən nöqtələri axtarışını əks etdirir. Latviya liderinin bəyanatlarında açıq şəkildə sezilən mesajlar Baltik dövlətlərinin Cənubi Qafqaza münasibətdə baxış bucağının dəyişdiyini sübut edir. Keçmiş illərdə uzaq coğrafiya sayılan Xəzər hövzəsi, hazırda rəsmi Riqanın xarici siyasət kursunda prioritet istiqamətlərdən hesab olunur.
İki dövlətin xarici siyasətində diqqətçəkən ən vacib ortaq məxrəc beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığına qeyd-şərtsiz sadiqlikdir. Latviya dəfələrlə beynəlxalq tribunalardan Azərbaycanın haqq işini müdafiə edərək, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasının zəruriliyini vurğulayıb. Torpaqların işğaldan azad edilməsi prosesindən sonra yaranan yeni reallıq Avropa İttifaqı ölkələri tərəfindən mərhələli şəkildə qəbul edilir. Latviya Prezidentinin açıq mətnlə "uzun çəkən məsələnin uğurlu həlli" ifadəsini işlədərək təbrik ünvanlaması əslində siyasi dəstək aktıdır. Göstərilən yanaşma həm də o deməkdir ki, Avropa daxilindəki rasional, uzaqgörən qüvvələr Cənubi Qafqazda əbədi sülhün ancaq Azərbaycanın ərazi bütövlüyünün tam bərpası sayəsində mümkün olacağını dərk edirlər.
İkitərəfli münasibətlərin inkişaf trayektoriyası göstərir ki, aparılan dialoq möhkəm təməllərə malik strateji baxışın məhsuludur. Hər iki dövlətin rəhbəri dünyada yaranan mürəkkəb vəziyyətin konturlarını anlayaraq qarşıya çıxan təhdidləri zərərsizləşdirməyi bacarır. Rəsmi Riqa və rəsmi Bakı Avrasiyanın kəsişmə nöqtələrini nəzarətdə saxlayan, lakin eyni sülh platformasından çıxış edən güclü dövlətlərə çevriliblər. Azərbaycan və Latviya arasında gələcək illər ərzində daha da möhkəmlənəcək qarşılıqlı etimad və dəstək, eləcə də beynəlxalq çağırışlara ortaq siyasi baxış qitələrarası dialoqun parlaq nümunəsinə çevriləcəyinə əminik.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru

Seçilən
10
2
sonxeber.az

3Mənbələr